"Bəli, biabırçı çıxış oldu. Bu gecə heç cür özümə gələ bilmədim. Niyə belə oldu, bilmirəm. Heç bir bəhanəm yoxdur".
Sportnet.az xəbər verir ki, bunu azərbaycanlı döyüşçü Nazim Sadıxov Las-Veqasda keçirilən UFC 323 turnirində yüngül çəkidə (70 kq) fransalı Fares Ziama məğlub olduğu qarşılaşmadan sonra deyib.
31 yaşlı MMA ustası qarşılaşmaya hazırlığının yaxşı keçdiyini bildirib: "Əla məşq düşərgəsi keçirdim. Əla məşqlər, əla hazırlıq".
Məğlubiyyətə baxmayaraq, Sadıxov hədəflərinin dəyişmədiyini vurğulayıb: "Məqsəd hələ də eynidir. Geri qayıdacağam, zirvədə olacağam. Sadəcə, sakit oturub addım-addım gedəcəyik, özümün yeni versiyalarını kəşf edəcəyəm. Bilirəm ki, bu gecəkindən daha çox şeyə qadirəm və bunu sizə göstərəcəyəm. Hər kəsə təşəkkür etmək istəyirəm. Həmişə olduğu kimi, Yaşasın Azərbaycan"!
Qeyd edək ki, döyüş ikinci raundun son saniyəsində 28 yaşlı Fares Ziamın texniki nokautu ilə başa çatıb. Bu, Nazim Sadıxovun peşəkar MMA karyerasında 2-ci məğlubiyyəti olub. Onun aktivindəki qələbə sayı isə 11-dir. Ziam 18-ci qələbəsini qazanıb və onun passivində 4 məğlubiyyət var.