Azərbaycan Güləş Federasiyası (AGF) bu idman növünün təbliğat kampaniyasının tərkib hissəsi kimi Qarabağ və Şərqi Zəngəzura səfər həyata keçirilib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, layihə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin birgə dəstəyi əsasında “Güləş Qarabağda” devizi altında gerçəkləşdirilib.
Səfərdə nazirliyinin və federasiyanın rəsmiləri, tanınmış güləşçilər iştirak edib.
Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlar əvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkib. Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimi tanınmış güləşçiləri məktəblilər böyük coşğu və maraqla qarşılayıblar. Tanınmış güləşçilərlə şəkil çəkdirən, onlardan avtoqraf alan yeniyetmələr məktəbin stadionunda salınmış güləş xalçası üzərində müəyyən güləş elementləri ilə tanış olub.
Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzərianinin rəhbərlik altında keçirilən oyunlar tədbirə əlavə rəng qatıb. Şagirdlərə AGF-nin hədiyyələri təqdim edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd güləşin populyarlığını daha da artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkil etmək və gənc nəsilə “sağlam bədəndə sağlam ruh olar” düşüncəsini, vətənpərvərlik ruhunu aşılamaqdır.

















































































