Azərbaycan sərbəst güləşçisi Sabir Cəfərov karyerasında ikinci dəfə yarışlardan kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, gənc idmançının ilk cəzası 2022-ci ildə İtaliyanın paytaxtı Romada keçirilmiş U-20 Avropa çempionatına təsadüf edib.
O, həlledici görüşdə Ermənistan güləşçisi Hayk Papikyana 2:3 hesabı ilə məğlub olaraq, gümüş medal qazansa da, mükafatlandırma mərasimində erməni himni səsləndirilərkən fəxri kürsünü tərk edib. Nəticədə təşkilatçılar Sabir Cəfərovu yarışdan kənarlaşdırıb və gümüş medalını əlindən alıblar. Güləşçi həmin vaxt bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Bu dəfə isə Cəfərov dopinq-testdən keçə bilmədiyi üçün 4 illik diskvalifikasiyaya məruz qalıb. İdmançının nümunəsində qadağan edilmiş boldenon metobolitləri aşkarlanıb. Sanksiya 2025-ci il sentyabrın 1-dən qüvvəyə minib və 31 avqust 2029-cu ildə başa çatacaq.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Cəfərov əvvəllər milli komandanın üzvü olub. Sonradan o, əməliyyat olunub. İdmançı müalicə zamanı yanlışlıqla qadağan olunmuş preparatdan istifadə etdiyini bildirib.
Qeyd edək ki, Sabir Cəfərov 2019-cu ildə yeniyetmələr arasında Avropa çempionu olub. Əslən İmişlidən olan idmançı İtaliyanın Faenza şəhərində keçirilmiş yeniyetmələr arasında qitə birinciliyinin finalında məhz Ermənistan güləşçisini üstələyib.


















































































