Ermənistan yunan-Roma güləşçisi Miqran Arutyunyan Rusiyanın paytaxtı Moskvanın mərkəzində silahlı toqquşmanın iştirakçısı olub. Sportnet.az-ın "life.ru"ya istinadən verdiyi məlumata görə, 28 yaşlı idmançı 34 yaşlı tanışı Samvel Avedyanla birgə avtoatelyedə sakit söhbət edərkən, tezliklə mübahisə və insident baş verib.
Dava ilk atəşdən sonra yekunlaşıb. Avedyan ayağından güllə yarası alıb. Hadisə yerinə polis gəlib. Məlum olub ki, Arutyunyanın üzərində qeydiyyatdan keçmiş travmatik tapança olub. Amma həm o, həm də zərərçəkən atəşin öz-özünə baş verdiyini iddia edib. Avedyan xəstəxanaya getməkdən və tanışı əleyhinə ərizə yazmaqdan imtina edib. Güləşçinin özü də heç kimə iradının olmadığını bildirib.
Qeyd edək ki, 66 kq çəki dərəcəsində yer alan Miqran Arutyunyan Rusiya və Ermənistan vətəndaşlığına malikdir. O, Ermənistan təmsilçisi kimi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında və "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. Hər iki Oyunların yarımfinalında o, Azərbaycan pəhləvanları Rəsul Çunayevlə Həsən Əliyevə qalib gəlib.