“Avropa çempionatında yığmamızın hazırlıq səviyyəsini qiymətləndirdik və olimpiadaya lisenziya xarakterli dünya çempionatı üçün təhlillər apardıq”.
Sportnet.az-ın məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov komandanın Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında çıxışını dəyərləndirərkən deyib.
61 yaşlı dağıstanlı mütəxəssis yığmanın hazırlıq səviyyəsinin çox yaxşı olduğunu bildirib: “Ən başlıcası komandanın liderləri yaxşı güləş sərgilədilər. Komandanın kapitanı Cəbrayıl Həsənovu, hər zamankı kimi inamla çıxış edən və 3-cü dəfə Avropa çempionu olan Hacı Əliyevi qeyd edərdim. Həmçinin Şərif Şərifov da kolleksiyasında çatışmayan Avropa çempionatının qızıl medalını ora əlavə etdi. Ağahüseyn Mustafayev də qızıl medalın bir addımlığında idi”.
Baş məşqçi gənc güləşçilərində çıxışından razı qaldığını deyib: “Onlar da özlərini layiqli formada göstərdilər. Mahir Əmiraslanov əla güləşdi və bürünc medal qazandı. Nurməhəmməd Hacıyev yarışdan-yarışa artırır. Onun dünya çempionatında ciddi performans ortaya qoyacağından əminəm”.
S.Absaidov yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib: “Hazırkı məqamda komandanın hazırlıq səviyyəsinin yaxşı olduğunu söyləyə bilərəm. Bunun da əsas səbəbkarı federasiya rəhbərliyidir. Hazırlıq üçün lazım olan bütün şəraiti yaradıblar. Cənab Namiq Əliyev bütün problemlərimizi həll edir. Həmçinin vitse-prezident Firdovsi Umudov hər zaman yanımızdadır, bizə dəstək olur. Mehirban kollektivimizlə ciddi tapşırıqların öhdəsindən gələ bilərik”.
Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatını ümumi komanda hesabında 3-cü yeri tutub. Saypulla Absaidovun baş məşqçi olduğu kollektiv 145 xal toplayıb. Rusiya 162 xalla 1-ci, Türkiyə 156 xalla 2-ci yeri tutub. Lakin ən çox qızıl medalı hərəyə 3 dəfə Azərbaycan və Türkiyə qazanıb. Rusiya 2, İtaliya və Ermənistan isə 1 qızıl medala sahib olub.
Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 6 medal əldə ediblər. Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub. Əvəzində Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.