
WSB-nin (Ümumdünya Boks Seriyasının ) 7-ci turu çərçivəsində Azərbaycanın "Baku Fires" klubu "Argentina Condors”la qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, Argentinada keçiriləcək dueldə iştirak edəcək döyüşçülərin adları açıqlanıb.
"Argentina Condors” – "Baku Fires”
49 kq. Leandro Zarate – Məhəmməd İbiyev
56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov
64 kq. Leandro Amitrano - Heybətulla Hacəliyev
75 kq. Alberto Lebenstajn – Nikolay Veselov
91 kq. Daniel Blanş - Abdulqadir Abdullayev
İbiyevin rəqibi olacaq 26 yaşlı Zarate 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçısı olub. Təcrübəli boksçu 2007-ci ildə Çikaqoda təşkil olunan mundialda da mübarizə aparıb. Heybətulla Hacəliyev əvvəllər peşəkar rinqdə çıxış edən Amitrano ilə üz-üzə gələcək.
Hazırda 1 xalla qrupda sonuncu yeri tutan "Argentina Condors” son görüşdə səfərdə "Astana Arlans”a 0:5 hesabı ilə uduzub. Cənubi amerikalılar bu heyətlə Venesuelada yerli komandaya 1:4 hesabı ilə məğlub olublar.
Bu həftə B qrupunda "Astana Arlans” "İtalia Thunder”i, "Puerto Rico Hurricanes” USA "Knockouts”u, "Caciques Venezuela” isə "Rafako Hussars Poland”ı qəbul edəcək.
Qeyd edək ki, WSB liqasından 17 boksçu mövsümün sonunda 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.