"Neftçi" Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu qol "Neftçi"yə yaraşdı?
- Burada heç bir problem yoxdur. Hansısa feyr-pleydən danışmağa səbəb görmürəm. Hər şeyi görürdüm. Bunu şərh etmək rahatdır. Bizim oyunçumuz ayağa qalxırdı. Heç bir səbəb yox idi ki, rəqib qapıçı topu çölə vursun.
- Rəhman Hacıyev və Emin Mahmudov meydana çıxsalar da, onlara kapitanlıq sarğısı verilmədi. "Neftçi"nin kapitanı və vitse-kapitanı kimlərdir?
- Sizin işinizə hörmət edirəm. Amma bəzi çərçivələr varsa, bizim daxili işimizdir. O məsələlərə qarışmayın. Bu, bizim daxili işimizdir.
- Sizə elə gəlmir ki, Kilan Lebon sol cinahda daha effektivdir? Amma siz onu sağda oynadırsınız. Belə başa düşürük ki, siz Ştoqrini o mövqedə daha üstün görürsünüz?
- Məncə, vinger həm sol, həm də sağ cinahda eyni qaydada oynamağı bacarmalıdır. Futbolçulara hər oyundan qabaq deyirik, onların qarşısına hədəf qoyuruq və qərarlar veririk. Ştoqrin üçün sol və ya sağ cinahda oynamağın fərqi yoxdur. Taktiki cəhətdən nəzərə alsaq, rəqibin hücumlarını neytrallaşdırmaq istəyirik.
- "Qəbələ"də də çempionluq uğrunda mübarizə aparırdınız. Orada daha çox təzyiq hiss edirdiniz, yoxsa "Neftçi"də?
- Hazırda təzyiqə az fikir yönləndirirəm. Elə yoldayıq ki, komanda yenilənir. Transfer işlərini davam etdiririk. Başa düşürük ki, bir az gecikmələr oldu. Bəzi oyunçuların hazırkı durumu istədiyimiz formada deyil. Təzyiqi o zaman hiss edərdim ki, komandam istədiyim formadadır, amma nəticələr qazanmırıq. Düşünürəm ki, milli komandaların fasiləsini gözləməliyik. Bu müddət də hələ azdır ki, istədiyimiz oyun üslubunu quraq. Mən sadəcə, öz işimə fundamental yanaşıram. Çox istəyərdim ki, yaxşı nəticələr olsun. Amma mən elə komanda, oyun üslubu qurmaq istəyirəm ki, sistematik olaraq bizə nəticələr versin. Başqa cür yanaşa bilərik. Deyə bilərik ki, nəyin bahasına olursa-olsun qalib gələk. Qanın bahasına belə. Çox istəyərdim ki, öz üslubumuzda oynayaraq, qalib gələk. Əminəm ki, qısa zaman ərzində daha yaxşı olacağıq. İstəmirik ki, qələbələrimiz təsadüfi olsun.
- Dörd turdan sonra qələbə qazanmadığınıza görə hansı hissləri keçirirsiniz?
- Tutduğum yoldan dönmək istəmirəm, səbrli davranmaq istəyirəm. Hisslərə gəldikdə, yaxşı deyil. Daha yaxşı olmasını istəyərdim. Səbrlə davranacam, istədiyim şeyi əldə edəcəm.