"Araz-Naxçıvan" Misli Premyer Liqasının XVI turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.
Sportnet.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Təxmin edirdik ki, bizi necə ağır oyun gözləyir. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandanı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq.
- Qarşıda "Sabah" və "Qarabağ"la oyunlar var. İli yaxşı başa vura biləcəksiniz?
- Sırf bu iki oyunu düşünmürük. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda olaraq daha yaxşısını etməliyik ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.
- Heyətdə yaşlı futbolçular çoxdur, amma komanda yaxşı performans göstərir. Uğurun sirri nədədir?
- "Qəbələ"də çalışarkən Asif Məmmədovun 38 yaşı var idi, amma meydanda gənclərlə eyni yükü alırdı. Futbolda cavan anlayışı keçmişdə qalıb. İndi elə yanaşmırlar. Təcrübəli oyunçularımız var. Amma biz də görürük ki, istədiyimizi ala bilirik. Bütün futbolçular istəklidir, bu bizi sevindirir. Siz onları həftədə bir dəfə görürsünüz, amma məşqlərdə də böyük işlər görürlər.
- Sizə təcrübəli oyunçularla işləmək daha rahatdır?
- Prinsipimdə yoxdur ki, futbolçu cavandır, yaşlıdır, əcnəbi və ya yerlidir. Hamı ilə işləməyə çalışırıq. Onlar da bizə qarşılıq verirlər.
- Komandanı tonusda saxlamaq, arxayınlaşmaması üçün nə edirsiniz?
- Kollektivdə elə futbolçular var ki, nəticələrə acdırlar. Oyunlara düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu nəticələri qazanıblarsa, təsadüf deyil.
- "Qarabağ"la aranızda xal fərqi azdır. Psixoloji təzyiqdə sizsiniz, yoxsa onlar?
- "Qarabağ" təzyiqi çoxdan keçib. Oturuşmuş komandadır. İllər öncə həmin təzyiqdən çıxıblar. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf "Qarabağ"la mübarizə aparaq deyə iş prinsipimiz yoxdur. Qarşıdakı matçı düşünürük.
- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Onlarda baş məşqçi dəyişikliyi olub. Diqqətinizi nə çəkib?
- "Sabah" da iddialı komandadır. Yuxarı yerlər uğrunda mübarizə aparır. Sadəcə "Səbail"lə oyunu düşünürdük. Bundan sonra o matçı düşünəcəyik.
- Bernardu Diaş əvəzlənəndə sanki narazı görünürdü. Bunu normal qəbul edirsiniz?
- Normaldır. Tək Benni yox, bütün futbolçular oynamaq istəyir. Onların etirazını normal qarşılayıram. Futbolçu o istəyi göstərməlidir.
- Var arzu, var reallıq. Çempionluq arzudur, yoxsa reallıq?
- Elə sualdır ki, cavab vermək mümkün deyil. Mən indiki durumda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki matçı düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözlədiyini fikirləşir, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərəcək.
- Qışda transfer edəcəksiniz? Axtarışlar gedir?
- Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nələrin gözlədiyini görəcəyik.