AFFA “Qəbələ”yə klub akademiyası və infrastrukturunun saxlanılması məqsədilə ayırdığı 700 min manat pulu yanvarın sonlarınadək ödəyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə teleqraf.com-a “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı məlumat verib. Klub rəsmisi milli assosiasiya ilə bağlı son durumu belə şərh edib: “AFFA ilə mütəmadi əlaqədəyik. Deyiblər ki, ödəniş məsələsi bu ayın sonuna qədər həll olunacaq. Yəni, nəzərdə tutulan məbləğ klubun büdcəsinə köçürüləcək. Amma hissə-hissə və ya bütöv köçürüləcəyini sonra deyəcəklər”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 2024-cü ilin iyununda keçirilmiş iclasında “Qəbələ”yə akademiyanın və infrastrukturun saxlanması məqsədilə bir il müddətinə 700 min manat ayrılması nəzərdə tutulub. I Liqaya yuvarlanan bölgə təmsilçisinə dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi qərara alınıb.