
Misli Premyer Liqasında "Qarabağ" "Şamaxı"ya qalib gəlib.
Sportnet.az xəbər verir ki, XIX turun açılış matçında Ağdam təmsilçisi doğma meydanda 3:2 hesablı qələbəyə sevinib.
Ev sahiblərinin heyətində Nəriman Axundzadə (4) və Aleksey Kaşuk (29) fərqlənib. Qonaq komandadan isə Belaydi Pusi (14) və Brahim Konate (39) diqqət mərkəzinə düşüb. "Şamaxı"nın heyətində Cəlal Hüseynov isə avtoqol (72) müəllifi olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 18 turdan sonra 50 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.
-----------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilin ilk oyununda "Qarabağ" və "Şamaxı" kollektivləri üz-üzə gələcək.
Hazırda "köhlən atlar" 47 xalla turnir cədvəlində birinci, Şamaxının eyniadlı təmsilçisi isə 17 xalla yeddinci pillədə qərarlaşıb. Cari mövsümdə tərəflər iki dəfə qarşılaşıblar. "Qarabağ" bu oyunlardan birində 3:0, digərində 1:0 hesabı ilə qalib gəlib.
Əsas qol silahlarından olan Juninyo ilə yollarını yenicə ayırmış meydan sahiblərinin bu oyundan hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.
“Qarabağ” 2025-ci ilin ilk rəsmi oyununda azarkeşlər üçün konsert şousu da təşkil edəcək.
Misli Premyer Liqası, XIX tur
17 yanvar (cümə)
19:00. “Qarabağ” – “Şamaxı” - 3:2
Qollar: Nəriman Axundzadə, 4. Aleksey Kaşuk, 29. Cəlal Hüseynov, 72 (öz qapısına) - Belaydi Pusi, 14. Brahim Konate, 39
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, turun digər görüşləri 18-19 yanvarda olacaq.