İngiltərə Premyer Liqasında XXIII turun mərkəzi görüşü "Mançester Siti" və "Çelsi" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 3-cü dəqiqədə qonaq komandadan Noni Madueke açıb. O, "şəhərlilər"in özbəkistanlı yeni transferi Abdukodir Xusanovun səhvindən yararlanıb. "Mançester Siti" 42-ci dəqiqədə Yoşko Qvardiolun qolu ilə hesabı bərabərləşdirməyə müvəffəq olub.
68-ci dəqiqədə Erlinq Holann meydan sahiblərini önə çıxarıb. Yekun nəticəni isə 87-ci dəqiqədə Fil Foden müəyyənləşdirib.
Bu qələbə sayəsində "Mançester Siti" 41 xalla 4-cü pillədə qərarlaşıb. "Çelsi" isə 40 xalla 6-cı yerdə gedir. Turnir cədvəlinə 53 xalla "Liverpul" başçılıq edir.