"Komandalar arasında səviyyə fərqi açıq seçilirdi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində səfərdə Xorvatiyaya 2:9 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, komandalar arasında səviyyə fərqi açıq seçilirdi: "9 qoldan 6-nı öz səhvlərimizdən buraxdıq. Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən".
Onun sözlərinə görə, ilk dəqiqələrdən “5-in 4-ə” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücə qənaət etməyə çalışıblar: "Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir. Uşaqlara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun, həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.