
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” komandaları arasında keçirilmiş cavab oyunundakı (1:0) mübahisəli epizodu şərh edib.
Sportnet.az xəbər verir ki, belçikalı funksioner bu barədə milli assosiasiyanın rəsmi saytına açıqlama verib.
O, 58-ci dəqiqədə baş verən vəziyyəti belə izah edib: “Neftçi”nin hücumu zamanı bu komandanın hücumçusu Bassalu Sambu topla irəliləyərək, rəqibin cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in futbolçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Forvard topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, Tağıyevin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Əgər müdafiəçinin ayağına tam yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman sarı vərəqə qərarı qəbul edilə bilərdi”.