
"Buraxdığımız qol oyundan düşməyimizə səbəb oldu".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Şahin Şahniyarov Belarus yığmasına 0:2 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra deyib.
20 yaşlı yarımmüdafiəçi matça yaxşı hazırlaşdıqlarını bildirib: "İlk hissədə yaxşı müdafiə olunurduq. Qol epizodları da yaratmışdıq. Lakin bəlkə də keyfiyyət çatmadı".
"Qəbələ" klubunun üzvü millidə debüt etməsindən danışıb: "Əlbəttə, millidə debüt etmək hər kəsin xəyalıdır. Bu, özüm üçün böyük motivasiyadır, məni çox xoşbəxt edir. Amma çalışacağam ki, yığma üçün daha da artığını və yaxşısını edim. Çünki bu, öz millimiz, öz ölkəmizin komandasıdır".
Şahniyarov milli komandanın məğlub olmasının səbəbini açıqlayıb: "Görünən odur ki, ən çətini olan qol epizodlarına girə bilirik, amma hücumları dəyərləndirə, son nöqtəni qoya bilmirik. Qol buraxdıqdan sonra isə oyundan düşürük. Məğlubiyyətlərimizin səbəbləri, məncə, budur".
Millinin debütantının sözlərinə görə, Belarus seçməsinin güclü tərəflərini bilirdilər: "Fiziki cəhətdən güclü rəqib idilər. Bizdən fərqli olaraq, onlar qol epizodlarını dəyərləndirə bildilər. Əlbəttə, onların hücumlarının qarşısını almaq olardı. Biz qolları fərdi səhvlərdən buraxdıq. Məncə, bunun qarşısını üzərində işləyərək, gələcək oyunlarda almaq olar".
Şahniyarov qarşıdaki oyunlarda qələbə qazanmağa çalışacaqlarını vurğulayıb: "İyunda daha bir təlim-məşq toplanışımız olacaq. Hazırda Latviya və Macarıstana qarşı keçirəcəyimiz yoldaşlıq görüşlərini düşünürük. İnanıram ki, qarşıdakı oyunlarda qələbə qazanaraq, daha yaxşı motivasiya əldə edəcəyik. Buraxdığımız fərdi və taktiki səhvlər üzərində təhlillər aparılacaq. Biz də həmin təhlillərdən nəticə çıxaracağıq".
Qeyd edək ki, Şahin Şahniyarov Belarusa qarşı start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
Haşım MƏMMƏDOV