
Azərbaycan I Liqasında mübarizə aparan “Qəbələ” XX turdan sonra Premyer Liqaya vəsiqə qazanıb. XXII turda “İmişli”yə qalib gələcəyi və ya heç-heç edəcəyi təqdirdə, komanda çempionluğu erkən təmin edəcəkdi. Lakin oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
sportnet.az xəbər verir ki Komandanın kapitanı Asif Məmmədov həm məğlubiyyətsiz seriyanın qırılması, hım də digər məqamlarla bağlı Teleqraf-ın suallarını cavablandırıb:
- “Qəbələ” mövsümdə ilk dəfə XXII turda səfərdə “İmişli”yə məğlub oldu. Nə üçün məğlubiyyətsiz seriyanı sona qədər qoruya bilmədiniz?
- Matçın 7-ci dəqiqəsində qapımıza verilən penalti müəmmalı idi. Hələ də komandada hər kəs bir-birindən soruşur, bilmir onu kim edib. Yəni, penaltini hansısa futbolçu etməlidir. Məğlub olmağımızın birinci səbəbi baş hakim Elvin Bayramovun oyunu bərbad idarə etməsidir. İkincisi də meydan bərbad gündə idi. Hamı bilir ki, biz hansı səviyyədə oynayırıq. Oyunumuzu o stadionda göstərməyimiz çətin məsələ idi. Məncə, rəqib bunu də nəzərə almışdı. Bizdən əvvəlki oyunlar o stadionda yox, Şamaxı Olimpiya Kompleksinin stadionunda keçirilirdi. Bildilər ki, normal stadionda oynasalar, çətin olacaq. Düzdür, Şamaxıdakı meydan sünidir. Amma İmişlidəki, Yevlaxdakı təbii ot örtüklü meydandan yaxşı idi. Qəsdən də otu çox saxlamışdılar, bilirdilər ki, bizi başqa cür saxlamaq mümkün deyil. O nüanslara, olmayan penaltini verdiklərinə görə məğlub olduq.
- Niyə, klub olaraq hansısa şikayət etmədiniz?
- Nə dəyişəcək ki? Heç nə.
- Baş məşqçiniz Kaxaber Tsxadadze oyunun bitməsini gözlədən texniki zonanı tərk etdi. Bu məğlubiyyət komandanıza da psixoloji baxımdan pis təsir edib?
- Deməzdim. Baş məşqçimiz də, biz də mövsümü məğlubiyyətsiz başa vurmaq istəyirdik. Amma qoymayanda qoymurlar. Məğlub olmamışdıq, arabir məğlub da olmaq lazımdır (gülür - red.).
- Amma Premyer Liqaya vəsiqəni tam təmin etsəydiniz, elə İmişli şəhər stadionunda mükafatlandırlacaqdınız...
- Şəxsən mən istəməzdim ki, çempionluğu şəraitsiz bir komandanın meydanında qeyd edək. Çempion oluruq, oyundan sonra duş almırıq, o vəziyyətdə evə gedirik. Hətta çimməyə su yox idi. İkinci dəfədir ki, İmişli stadionunda duş almağa su tapmadıq. Nəzərə alsaq ki, stadion da palçıq idi. Çempion olmusan, üst-başın palçıqdır, elə mükafatlandırılırsan... Belə şeylərə diqqət etsələr, daha yaxşı olar, daha “Qəbələ”ni necəsə udmağı qeyd etməsinlər.
- Həm də nəzərə alsaq ki, “İmişli” növbəti mövsüm Premyer Liqaya da yüksələ bilər. Belə meydan rəqiblərə problem yaratmayacaq?
- Bəli, əsas problemlər onda olacaq. I, II və ya III turlarda su tapılmasa, haradasa başa düşmək olar. Hansı zəmanədə yaşayırıq ki, stadionda suyu bərpa edə bilmirlər? Yəni, il ərzində suyu bərpa edə bilmirlər? Premyer Liqaya qalxdıqdan sonrakı bir ilə nəyi, necə dəyişəcəklər? Dopinq otağı olmalıdır, hakimlər otağı lazımdır. Suyu düzəldib ortaya çıxarmadısa, digərlərini necə həll edəcəklər, maraqlıdır. Yalandan hamısı söz verəcəklər.
- Sizcə, 12 komandalı çempionat xeyrindən çox problemləri ilə "göz oxşamayacaq"?
- Problemlər indidən göz qabağındadır. İmişli və Yevlax stadionları bərbad vəziyyətdədir. Bir il ərzində harada oynayacaqlar? Bir rəqib olaraq gedib oynayacağımız stadion bizi maraqlandırır. Gördüyümüz odur ki, stadion problemi olacaq. Yəqin ki, “Qəbələ” meydançanı icarəyə verməyəcək. Çünki meydanımız pis vəziyyətə düşür. Başqa yerdə də oynasalar, azarkeşsiz qalacaqlar. Amma hazırda Premyer Liqada oynayan komandaların hamısının normal stadionu var.
- “Araz-Naxçıvan”ın da stadionu yoxdur, rəqiblərini Bakıda qəbul edir. Amma bu gün 3-cü yerdədir, avrokuboklara getməyə namizədlərdən birdir...
- Öz stadionunda oynasaydı, bəlkə “Araz-Naxçıvan” çempion olardı? Hərə öz yerində oynasa, daha yaxşı olar. Yəqin ki, növbəti mövsümdən düzələr.
- Ötən il "Qəbələ"ni Premyer Liqaya qaytarıb karyeramı bitirəcəyəm" demişdiniz...
- Hələ rəhbərliklə danışığımız olmayıb. Çox şükür, arzuma çatdım. O demək deyil ki, futbolçu kimi qalsam, mütləq oynamalıyam. Təxminən 90 faiz ehtimalla, karyeramı bitirəcəyəm. Amma yenə də oturub danışacağıq.
- Karyeranızı bitirsəniz, “Qəbələ”də qalıb işləyəcəksiniz, yoxsa başqa klublardan təkliflər var?
- Başqa komandadan ötən il təklif vardı. İndi isə yoxdur. Yəqin ki, “Qəbələ”də qalıb işləyərəm, niyə başqası olsun?! Düzü, hələ dəqiq heç nə yoxdur.
- Növbəti mövsüm legioner limitinin ləğvi barədə, təcrübəli futbolçu olaraq, nə düşünürsünüz?
- Biz fikirləşmirik ki, 18 - 20 legioner gətirək. Komandanın büdcəsi də ona imkan vermir. Bunu edə biləcək 2-3 klub var. Digərləri uzağı 10 legioner gətirə bilər. Yerlilərə şans veriləcək. Onlar da əziyyət çəkib rəqabətdə uduzmamalıdır. İndiyə qədər, limit olsa belə, “Qəbələ” start heyətində 6-7 yerli futbolçu ilə oynayırdı. Biz də legionerləri video-görüntü ilə seçirik, gəldikdən sonra 1-2-si özünü doğrultmaya bilər. Ona görə də bizə çətin olmayacaq. Dünənə qədər yerli futbolçu yüz faiz oynayacaqdısa, artıq elə olmayacaq. Zəif olsa, rəqabətdə uduzacaq. Nəzərə alsaq ki, bizim futbolçularda tənbəllik çoxdur, bu da limitlə bağlı arxayınlıqdan irəli gəlirdi.
- “Qəbələ”nin heyətindəki futbolçuların əksəriyyəti vaxtilə Premyer Liqada oynayıb, son illərdə aşağı liqalarda çıxış edənlərdən ibarətdir. Onlar komanda ilə yenidən elitaya qayıdacaqlar?
- Yəqin ki, heyətdə dəyişiklik olacaq. Bu heyətlə Premyer Liqada belə davam edə bilmərik. Ehtimal ki, oyunçuların 50 faizi qalacaq, 50 faizi gedəcək. Çünki transferi çox edə bilmərik. Yenə də Premyer Liqada oynayan yerli futbolçuların bəzilərinə ehtiyac olacaq.
- “Qəbələ” hər zaman nümunə kimi göstərilsə də, azarkeş məsələsində rəqiblərdən geri qalırsınız. Bu amil növbəti mövsüm dəyişəcək?
- Komandada müvafiq qurum var idi, onlar da əllərindən gələni etdilər ki, azarkeşləri stadiona cəlb etsinlər. Bunun üçün çox yola əl atılıb. I Liqadan elitaya qayıdırıq, yəqin ki, darıxıblar. İnanıram ki, Premyer Liqaya dönüşümüz onlara da maraqlı gələr. İstəyirik ki, stadionun ən azı yarısı dolsun. Azarkeşi də məcbur gətirmək olmur, gərək özü həvəsli olsun.
- Komandanızın növbəti mövsüm də Qəbələdə məskunlaşacağına dair söz-söhbətlər var. Sizin üçün hansı daha rahatdır?
- Şəxsən mənə Qəbələdə qalmaq daha rahatdır. Amma hamı mənim kimi deyil. Elə legionerlər var ki, rayonda qala bilmirlər. Biz bu cür şəraiti qoyub niyə Bakıda qalırıq? Bakıda stadion tapmırıq, ondan-bundan xahiş edirik ki, bizə bir-iki saatlıq icazə ver. Burada isə 6-7 yaxşı meydanımız var, Bakıda bazamız olsaydı, yenə bu qədər çətin olmazdı. Çünki komandamızın yarısı şəhərdə yaşayır. Ona görə də Qəbələdə qalsaq, daha yaxşıdır. Gələcək legionerlərlə də danışılacaq ki, Bakıda şərait yoxdur. Gərək razılaşsınlar.
- Cari mövsüm Premyer Liqanı tərk etməyə əsas namizəd “Səbail”dir. Komanda bir müddət Cavid Hüseynova tapşırıldı, amma o da bacarmadı. Sabiq komanda yoldaşınızın məşqqçilik fəaliyyətini necə dəyərləndirirsiniz?
- Fikrimcə, elitadan “Səbail” düşəcək. Mən Cavidin yerində olsaydım, fərqli qərar verərdim. Nəzərə alsaq ki, Kurban Berdıyev kimi baş məşqçinin yanında köməkçi işləmək vardı, fərqli düşünərdim. Amma həyatda da risk etməlisən. Hamı düşünürdü ki, Cavid “Şamaxı”nı elitadan saldı. O da istədi ki, gəlsin “Səbail”i düzəltsin, onun barədə fikirlər dəyişsin. Bir az risk, çətin seçim etdi, amma istedadlı baş məşqçidir, yenə də özünü sübut edəcək.
- Bəs siz necə: Baş məşqçi kimi Premyer Liqadan, yoxsa aşağı yaş qruplarından başlamağı düşünürsünüz?
- Düzü, bu mövsüm bir neçə ay “Qəbələ”nin U-14 komandasında baş məşqçi oldum. B kateqoriyası üzrə məşqçilik kursu oxuyarkən işlədim. Aşağı liqada çalışdım, bəsdir. Uşaqlarla işləmək maraqlıdır, amma bir az səbr lazımdır.
- I Liqada iş variantını necə, dəyərləndirərdiniz?
- Orada daha çətindir. VAR yoxdur, bir çox çatışmazlıq mövcuddur. Premyer Liqanı görüb gələn adam üçün çox çətindir. Mən bu şəraiti futbola yeni başlayanda - 2003-cü ildə görmüşdüm. Belə stadionlar, soyunub-geyinmə otaqları onda vardı. Bizim də sınağımızda buranı görmək vardı. Görünür, 23 il ərzində I Liqada heç nə dəyişməyib. Bütün diqqət yönəlib Premyer Liqaya, I Liqa o qədər də vacib deyil. Halbuki, I, II Liqalara da baxmaq lazımdır, bəzən oradan da istedadlı futbolçular çıxır.