
"Yaxşı komandaya qarşı oynadıq. İngiltərə futbolda olduğu kimi, minifutbolda da uğurlu ölkədir”.
Bunu Sportnet.az-a açıqlamasında minifutbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Durul Tuğ Bakıda keçirilən dünya çempionatının III turunda İngiltərəyə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
37 yaşlı mütəxəssis komandasının C qrupunda qazandığı 4 xalın önəmli olduğunu söyləyib: “Qrupda qaldıq, kaş ki daha da yaxşısı olardı. Gözəl təşkil olunmuş yarışda iştirak etməyimiz bizi təsəlli edir”.
Tuğ Azərbaycanı mundialda favorit hesab etdiyini bildirib: “Bizim mübarizəmiz bitir, amma Azərbaycanınkı davam edir. Ya biz, ya Azərbaycan, fərqi yoxdur. Onları dəstəkləməyə davam edəcəyik. Azərbaycan millisi bu oyunla, bu azarkeşlərlə mundialın əsas favoritidir”.
Baş məşqçi Milli Gimnastika Arenasında onları dəstəklədikləri üçün azərbaycanlı azarkeşlərə təşəkkür edib: “Hər oyunda bizi də dəstəklədilər. Bakıya gəldiyimizdən oteldə, arenada, küçələrdə bizi dəstəklədilər. Bu gün də tribunada möhtəşəm idilər. Hər kəsə təşəkkür edirik”.
O, Bakıda ilk dəfə olduğunu vurğulayıb: “İdmançı dostlarımızla da bu barədə danışmışıq. Bakı doğrudan da əsl yaşamalı şəhərdir. Çox təmiz görünür. İlk dəfə idi burada idim, amma Türkiyəyə bir Bakı aşiqi kimi dönəcəyəm”.