
"Mən U-21-dən getməmişəm".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İdman TV-də yayımlanan "Sportcast" verilişində aparıcı Siyavuş Əliyevin suallarını cavablandırarkən deyib.
43 yaşlı mütəxəssisin sözlərinə görə, 2018-ci ilin dekabrında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən gedişi gözlənilməz olub: "Telefon danışığım oldu, mənə deyildi ki, istefa ver. Səbəbini bilmək istədim. Cavablar tutarsız, səbəbsiz, dəlilsiz... Yoxsa mən özüm istefa verməmişəm. Özüm də razı olmazdım ki, 5-6 aydan sonra gedim. Bu, düzgün deyil".
Sadıqov bildirib ki, həmin hadisədən 20 gün əvvəl onunla millidəki işini davam etdirməsinə dair söhbət aparılıb: "Zatən bir yerdən göndərilirəmsə, orda qalmaram, istənilmədiyim yerdə olmaram. Əslində o vəzifəyə gəlmək istəmirdim, mövsümün sonunda karyeramı bitirmək istəyirdim ki, bütün diqqətimi məşqçiliyə verim. İsrarla o vəzifəyə gətirildim. "Eybi yox, qur-yarat" dedilər. Bundan 15-20 gün öncə isə AFFA rəhbərliyi ilə görüşüm olmuşdu. Qarşıma növbəti seçmə tsikldə ikinci yer qoyulmuşdu. "Niyə ikinci yer?" sualını verdim. "Sənin komandan artıq hazırdır, Norveç, İrlandiya, Kosovo kimi yığmalarla rəqabətli oyunlar keçirmisiniz. Biz bunu yüksək qiymətləndiririk və qarşına qrupda ikinci yeri tutmaq hədəfi qoyuruq" cavabını verdilər. Mən də orada "tamam, olsun" söylədim. Özüm də bu hədəfi müəyyənləşdirmişdim. Üstündən 15-20 gün keçdi, məlum hadisələr baş verdi. Mənə də "istefa ver" deyildi. Mən də bilmək istəyirdim ki, 20 gün öncə qarşıma qrupda ikinci yer hədəfi qoyduğunuz, hər şeyin əla olduğu və belə davam etməyin gərəkliyini, mənə inandığınızı, qrupdan çıxa biləcəyimizə barədə rəhbərliyin də məlumatlandırıldığını dediyiniz halda, indi nə dəyişdi"?
Baş məşqçinin fikrincə, həmin vaxt formalaşmış komandası var idi: "Əvvəllər U-19-da işlədiyimdən, bir neçə futbolçunu oradan tanıyırdım. Həmin oyunçuların bir çoxu oynayaraq, yaxşı səviyyəyə gəlib çatmışdılar. O komanda ilə çox şey eləmək olardı. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunduğu dönəmdən tutulan planlar, ideyalar davam etdirilsəydi, çox şey alınardı".
Sadıqov həmin vaxt verilən qərarlar üzündən Azərbaycan futbolunun 7-8 il itirdiyini söyləyib: "O vaxt bizim U-19 millimiz Xviça Kvaratsxeliyanın da yer aldığı Gürcüstanın U-19-u üzərində qələbə qazandı, elit-raundda Rusiya ilə 0:0 hesablı heç-heçə etdi. Araşdıraq görək, o futbolçular hardadır, bizimmkilər hardadır? Yenə də görürük ki, Qurban Qurbanovun "Qarabağ"da rəhbərliyi altında olan futbolçular - Toral Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Nəriman Axundzadə, İsmayıl İbrahimli inkişaf etdi. Qalanları isə itib-batdı. Ötən 7-8 ilə görə çox təəssüf hissi keçirirəm. Qurban Qurbanovun 2017-ci ildə Azərbaycan millisindən getməsi ilə Azərbaycan futbol cameəsi itirdi. Təsəvvür edin, düşünülən planlar, ideyalar həyata keçirilməkdə davam etsəydi, bu gün nələr ola bilərdi?! Çox maraqlı dövr idi. Futbolçularımızda, bütövlükdə futbolumuzda ruh yüksəkliyi var idi. Komandamız Çempionlar Liqasının qrupunda heyətində azərbaycanlı futbolçularla oynayırdı. O zamanlar tam başqa ab-hava var idi. Verilən qərarın bu günə qədər də açıqlaması, şərhi yoxdur".
Qeyd edək ki, Qurban Qurbanov Azərbaycanın əsas millisinə 2017-ci il noyabrın 3-də, Rəşad Sadıqov isə U-21 yığmasına həmin il dekabrın 13-də baş məşqçi təyin olunub. Lakin onlar bir il sonra - 2018-ci il dekabrın 8-də istefaya göndəriliblər.