
"Minifutbol üzrə dünya çempionatını izləmək çox xoşdur".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
43 yaşlı mütəxəssis Bakıda keçirilən mundialın təşkilatçılığını fərqləndirib: "Boş vaxtım olan kimi Milli Gimnastika Arenasına gələrək saatlarla oyunları izləyirəm. Düşündüyümdən də maraqlı keçir, çünki təşkilatçılıq yüksək səviyyədədir. Bura çox komfortludur, oyunları da gəlib rahatlıqla izləyirik".
O, Azərbaycan milli komandasının 1/8 final mərhələsində Rumıniya ilə oyunda qələbə qazanacağına inandığını söyləyib: "Azarkeşlər üçün çox maraqlı qarşılaşma olacaq. Rumıniya mundialın favoritlərindəndir. Bu mərhələdə onlarla üz-üzə gəlmək istəməzdik. Amma millimizə inanırıq və ümid edirik ki, qələbə qazanacaq".
Sadıqov Azərbaycanın futbolsevər ölkəsi olduğunu bildirib: "Futzalda da uzun illər uğurlu çıxış etmişik. İndi də minifutbolda belədir. Ümid edirəm ki, bir gün böyük futbolda da uğurlarımız olacaq. Azərbaycana hər bir sahədə olduğu kimi futbolda da uğurlar yaraşır".
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Rumıniya görüşü saat 20:30-da start götürəcək.