
"İlk növbədə, əziyyət çəkərək bizə azarkeşlik edən xalqımızı təbrik edirəm. Böyük dəstək oldular".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində Rumıniya üzərində qazandıqları qələbəni şərh edərkən deyib.
49 yaşlı mütəxəssis erkən final matçının xeyli ağır alındığını söyləyib: "Bizim üçün çox çətin oyun oldu. Rumıniya çox gözəl, hərtərəfli komandadır. Onlar üzərində qələbə bizim üçün həmişə möhtəşəm sayılıb. Avropa çempionu olduğumuz vaxt da Rumıniyaya qalib gəlmişdik. Son dünya çempionları üzərində qələbə kollektivimizdə böyük motivasiya yaradacaq".
Quliyev bundan sonrakı oyunların da asan olmayacağını vurğulayıb: "Bizi eyni çətinliklər gözləyir. Bir neçə saat sevindikdən sonra İngiltərə ilə qarşılaşmaya hazırlaşacağıq. Kubok qazanmaq istəyiriksə, bu oyunlarda mütləq qalib gəlməliyik. İngiltərənin Bolqarıstanla görüşünü izləməmişəm, bu gecə baxacağam".
Baş məşqçi qapıçı Ağaseyid Qasımov topa çıxışlarda zəif təsir bağışlaması fikri ilə razılaşmayıb: "Fikirləşmək lazımdır ki, hansı rəqibə qarşı oynayırsan, üzərində nə qədər təzyiq var. Ağaseyid ötən oyun qapıda çox yaxşı dayanmışdı. Bu matçda da pis dayanmadı. Amma Vəli Qafarov da bizim peşəkar, təcrübəli qapıçımızdır.
Belə hallar olur. Bir oyunda zəif ola, digərində səhvini düzəldə bilərsən. Vəli bu gün qapıda möhtəşəm dayandı. Güclər bölünməlidir, hərəsi öz yükünü götürməlidir ki, axıradək gedə bilək".
O, Mirkamil Əliyevə az şans verməsinin səbəbini belə izah edib: "Hələ qarşıda oyunlarımız var. Yəqin ki, bizə köməyi çox dəyəcək. Rəqibi tam analiz etmişdik, fikrimizdə başqa oyunçular idi. Mirkamil ən yaxşı oyunçularımızdan biridir. Qarşıdakı oyunlar onu gözləyir".