
Tanınmış azərbaycanlı futbol eksperti, sabiq futbol funksioneri Ceyhun Sultanov Sportnetnet.az-a müsahibəsində mövsümü dəyərləndirib, gündəmdə olan bir sıra məsələlərə münasibət bildirib...
"Samir Abasovun işi bundan sonra görünəcək"
- Necə oldu ki siz çalışdığınız vaxt baş məşqçi postuna gətirilmiş Samir Abasov "Neftçi"ni 2021-ci ildə çempion etdi, amma indi avrokuboklara da düşə bilmədi. Hətta "Sabah"ı da keçməyə şans olsa da, onu da bacarmadı?
- İlk növbədə, deməliyəm ki, klublarımızın avrokuboklara düşmələri onların güclərini göstərir. Çünki zəif komanda heç vaxt gedib ora düşə bilməz. Uğursuz komandalara gəldikdə, mən daxildə olmadığım üçün çox şey deyə bilməyəcəyəm. "Neftçi"ni götürsək, çoxlu baş məşqçi dəyişikliyi, futbolçuların bacardıqlarından aşağı səviyyədə oynaması kimi amillərin hamısı komandanın uğursuzluğuna gətirib çıxardı. Açığı, bu gün oyunlarına görə avrokuboklara gedən komandaların hamısı düzgün sıralanıb. Hamısına da uğurlar arzulayıram. Aşağı düşən də oldu. Hətta mən inanmazdım ki, "Səbail" I Liqaya düşəcək, amma əfsuslar olsun ki, Premyer Liqadan endi. Amma qayda belədir, bir komanda düşməlidir. Ümumi götürəndə çempionat maraqlı keçdi.
- "Neftçi" ilə bağlı məsələyə aydınlıq gətirmədiniz. Necə olur ki, bu komanda Samir Abasovla sizin vaxtınızda nəticə verə bilir, amma indi yox?
- Birinci götürək ki, Samir Abasovun oynatdığı futbol bu futbolçularla üst-üstə düşür, yoxsa yox? Bu bir. İkincisi, bu heyət qurulanda Samir Abasova qədər iki məşqçi dəyişikliyi olmuşdu. Ona görə yarım iş kimi dəyərləndirərdim. Tam olaraq öz ideyasına, fikrinə, oyun üslubuna uyğun olmayan futbolçular orada ola bilər. Ona görə də uğur qazana bilmədilər. Hətta bu gün durub Samir Abasovdan "bunu edə bilmədin" deyə yapışmaq bir qədər düzgün deyil. Abasovun işi bundan sonra görünəcək.
- Abasovun "Neftçi"yə ilk təyinatı da 2020/2021 mövsümünün birinci yarısına təsadüf etmişdi. Bu dəfə də o, 2024-cü ilin eyni dönəmində gəldi. Amma ilk gəlişində "ağ-qaralar" çempion olmuşdusa, bu dəfə komanda avrokuboklara düşə bilmədi...
- Düzdür, "Neftçi" 2020/2021 mövsümündə çempion oldu. Amma heyətdəki futbolçuların keyfiyyəti indiki oyunçularınkından qat-qat üstün idi.
- Bəs rəhbərlik amili nə dərəcədə rol oynadı?
- Bilirsiniz, nəticədə rəhbərliyin hansı rolu var? Rəhbərlik pul xərcləmirsə, transferə pul ayırmırsa, hə, onlardan yapışmaq olar. Bu gün onlardan nə istənilibsə, ediblər. Durum deyim ki, rəhbərliyin günahı var, yox, bunu deyə bilmərəm.
- Necə olur ki, sizin vaxtınızda yaxşı oyunçular alınırdı, indi o oyunçular alınmır? Məgər oyunçu alanda keyfiyyətinə nəzarət etmək lazım deyil?
- Hər bir insanın öz baxış bucağı var. Bir futbolçu barədə rəy versək, mənim fikrimlə sizin mövqeyiniz eyni olmayacaq. Ola bilər, rəhbərlik futbolçu seçimində səhvə yol verib. Bu, normaldır, səhv etməlisən. Düzdür, hansısa transfer edilirsə, 20 faiz səhv etmək hüququn var. Bu, bütün dünyada belədir. Mən deməzdim ki, "Neftçi"nin futbolçuları keyfiyyətsizdir. Aralarında pis futbolçular yoxdur. Sadəcə, baş məşqçinin oyun üslubuna olan futbolçular deyillər.
Qriqorçuk kimdir: Joze Mourinyo-zaddır?
- İndi hər halda elə olur da. Mən axırıncıdan söhbət edirəm. Miodraq Bojoviçi məşqçi saymıram, onu gətirmək səhv addım idi. Bojoviçin yığdığı komanda Samir Abasovun oyun üslubuna uyğun deyil. Mən bu gün açıq demək istəyirəm ki, "Neftçi"nin bütün dəyişiklikləri iyundan sonra bilinəcək. Bu heyətlə Abasovun oyun üslubunda heç nə edə bilməzlər. İnanıram ki, dəyişiklik olacaq.
- Roman Qriqorçuk kimi baş məşqçi də gəlmişdi. O, niyə işləyə bilmədi?
- Siz deyirsiniz Qriqorçuk.. Qriqorçuk kimdir: Joze Mourinyo-zaddır? Yaxud Pep Qvardioladır? Adi məşqçidir də. Qriqorçukun uğuru bircə "Qəbələ"də olub, ondan başqa uğuru olub? "Neftçi"yə gələndə siz baxdınız kı, əvvəlki komandası çempionatı neçənci yerdə bitirmişdi? Hansı komandası hansı yerdə idi? İndi də gördünüz ki, eyni vəziyyətdədir. Ukraynada sonuncu klubu LNZ-dən də göndərdilər. Komandası hansı vəziyyətdədir? Mən Qriqorçuku elə də güclü baş məşqçi saymıram. Düzdür, təcrübəsi ola bilər, amma sırf oyun üslubu olan mütəxəssis deyil. "Qəbələ"də də futbolçuların keyfiyyətinə görə nəyəsə nail oldu.
- Yerli futbolçuların, yoxsa legionerlərin?
- Əlbəttə, əcnəbi futbolçuların. Tək 11 yerli futbolçu olsaydı, o nailiyyəti göstərə bilməzdi. Üstəgəl, Qriqorçukun oyun üslubu yoxdur. "Neftçi" komandası üslubunda baş məşqçi deyildi. Bu gün "Neftçi"yə heç bir iradım yoxdur. Mövsüm artıq mövsüm başlayanda bitmişdi. Amma bundan sonra düşünürəm ki, çox şey dəyişəcək və Abasov öz komandasına uyğun futbolçuları götürəcək.
- Yəni, konkret kimsə bu məsuliyyəti öz üzərinə götürməlidir: Baş məqçi günahkardır, futbolçular, yoxsa media önünə belə çıxmayan klub rəhbərliyi?
- Açığı, bilmirəm günahkar kimdir. Onu deyə bilərəm ki, bu işlə kim məşğuldursa odur günahkar. Komandanı yığan, formalaşdıran kimdirsə, cavabdeh odur. Kim olduğunu deyə bilmərəm.
- Yəni, komandaya futbolçu seçimi aparan şəxs?
- Bəli, skautinq sistemi. Burada bütün bu işlə məşğul olan hər kəs cavabdeh olmalıdır.
- Konkretləşdirsək, Kamil Məmmədov...
- Mən axı bilmirəm ki, bu işlə Kamil Məmmədov məşğul olur, yaxud başqası. Bundan əvvəl idman direktoru Yens Andersson var idi. İndi isə kimin məşğul olduğunu deyə bilmərəm, çünki klubun içində deyiləm. Onu deyə bilərəm ki, kim transferlərlə və komandanı formalaşdırmaqla məşğuldursa, əlbəttə, o, cavabdehdir.
"Berezutskini uğurlu baş məşqçi saymıram"
- Ümumiyyətlə, "Neftçi" artıq üçüncü mövsümdür ki, "Sabah"ı özündən irəli buraxır. Gah "Sabah" "Neftçi"dən yüksək əyarlı medal qazanır, gah "ağ-qaralar"ı üstələyərək, avrokuboklara çıxır, gah da turnir cədvəlində özündən geridə qoyur...
- "Sabah"ın ən yaxşı futbol oynadığı dönəmi Murad Musayevin vaxtında görmüşəm. Bu komandanın da heyəti keyfiyyətli futbolçulardan ibarətdir. Sadəcə, dünyada futbol dəyişib. Futbolçulardan çox məşqçilərin taktiki sxemi ilə oyun udulur. Ona görə nə isə demək çətindir. "Sabah"ın baş məşqçisi Berezutskini uğurlu saymıram. Musayevlə Berezutskini tərəziyə qoysaq, birincisi ağırlıqda ikincidən 50 dəfə üstün olar. Musayevin oynatdığı futbolu bilirdik. Berezutskidən hələlik bunu görmürəm.
- Yəni, qeyri-sabit oyun və nəticələr. Kubokun finalında da bilinmir nə olacaq...
- Qeyri-sabit olanda da gətirib bura çıxır. Bir komandada oyun üslubu olmalıdır. Bu gün "Qarabağ" nə ilə seçilir? Oyun üslubuna görə. Gündə bir oyun sərgiləmir ki?! Eyni futbolçularla eyni üslubda bilirsən ki, "Qarabağ" nə istəyir. Bu gün çempionatımızdan Ayxan Abbasovu götürək. Bilirsən ki, komandasının keyfiyyəti aşağı olsa da, özünün istəyi nədən ibarətdir. Klublar var ki, bunu tuta bilmirsən.
- Belə çıxır ki, kubok da "Qarabağ"ın olacaq...
- Favorit "Qarabağ"dır. Amma elə bir şey yoxdu ki, 100 faiz udacaq. "Sabah"ın da şansı var.
- "Sabah" uzağı penaltilər seriyasında uda bilər, yoxsa oyun vəziyyətlərində də qol vurması mümkündür?
- Oyunla da uda bilərlər. Futbolda hər şey mümkündür. Bizim üçün kağız üzərində favorit "Qarabağ"dır. Amma 90 dəqiqənin taleyini futbolçular həll edir. "Qarabağ" 100 hücum edər, amma qol olmaya bilər. "Sabah" bir hücumla qol vurar, onunla da kubok qazanar. Bu, bir oyundan ibarətdir. Uzun marafon deyil.
"Göstərin mənə keyfiyyətin qalxmasını"
- Gələn mövsüm Premyer Liqada komanda sayı 10-dan 12-yə çatdırılacaq. Sizcə, bu gözdən pərdə asmaq kimi birşey deyil? O mənada ki, "İmişli" və "Karvan"ın normal infrastukturları, tələblərə cavab verən stadionları yoxdur, bilinmir harada oynayacaqlar. Biri istəyir "Səbail"in bu mövsüm çıxış etdiyi stadionda oynasın. İndi dövlətin ayırdığı vəsait də azalıb. Belə bir şəraitdə komandalar nə edə bilərlər, çempionatda hansı səviyyə olacaq?
- Sadəcə, keyfiyyətə yox, kəmiyyətə üstünlük verdik. Düşünürük ki, kəmiyyət futbolun inkişafından böyük rol oynayacaq. Amma əsla elə deyil. Bu gün keyfiyyətin yoxdursa, 100 dənə liqa yarat, hərəsində də 1000 futbolçu olsun, xeyri yoxdur. Əsas keyfiyyətə üstünlük verməliyik. Hə, bu gün turnir cədvəlinə baxanda görəcəyik ki, 12 komanda var. Bundan başqa bir xeyri dəyməyəcək. Qutardı getdi.
- Amma bir tərəfdən də 8 komandadan 10-a keçəndə də belə deyirdilər. 10 komandaya keçəndən sonra isə irəliləyişin olduğunu bildirirlər...
- Eynilə kimin büdcəsi bir az artıqdısa, o, bir az üstündür. Niyə bu gün "Şamaxı" və "Səbail" o vəziyyətdə deyil?
- Büdcə ilədirsə, niyə "Neftçi" və "Sabah" bu vəziyyətdədirlər?
- Siz deyirsiniz ki, 10 komandaya görə keyfiyyət qalxdı. Göstərin mənə keyfiyyətin qalxmasını. Qrupa düşmüşük?
- Məsələn, ötən mövsüm "Zirə" ilk dəfə pley-offa qədər gəldi. Əvvəllər heç bir mərhələ də keçə bilmirdilər...
- Siz düşünürsünüz ki, "İmişli" ilə "Karvan"ın Premyer Liqaya gəlməsi ilə çempionatın səviyyəsi artacaq? Mən demək istəyirəm ki, keyfiyyəti qaldırmırıq. 10 komanda ilə infrastuktur düzəldi? Birinci növbədə, keyfiyyəti qaldırmaq istəyiriksə, nəyinsə rəqabətini artırmaq istəyiriksə, futbolda infrastukturumuz olmalıdır. Bu gün infrastuktur yoxdur, amma əsasnaməyə baxırsan kı, orada infrastuktura önəm veriblər. Sayı məcburiyyətdən qaldırıblar ki, 12 komanda olsun. 12 komandalı çempionatda klublar arasında yenə uçurum olacaq. Üstəgəl, legioner limiti də götürülüb, gedib məsələn, 10 manatlıq, 5 manatlıq legioner gətirəcəklər, "Neftçi" 100 manatlıq, "Qarabağ" da ondan da artığını.. Yenə də uçurum olacaq aralarında. Bu, inkişaf deyil ki... İnkişaf edirsənsə, İngiltərə Çempionşipini götürün, oradan çıxan Premyer Liqa komandası ilə rahat oynayır. Bizim I Liqadan çıxan Premyer Liqamızda oynayanda 10 qol buraxır. O, uçurumu aradan qaldırmayanadək bizdə futbol olmayacaq. Çünki I Liqaya diqqət daha artıq olmalıdır, nəinki Premyer Liqaya.
"Bizimki orta səviyyədən bir az aşağıdır"
- İnfrastuktur demişkən, vaxtilə işlədiyiniz "Sumqayıt"da olan infrastuktur çox az klubumuzda var. Niyə "Sumqayıt" heç nə edə bilmir, amma məşq keçməyə yer tapmayan "Araz-Naxçıvan", "Zirə" çempionatda yer tutur?
- Mənə görə Azərbaycanda infrastukturu olan yeganə klub "Qəbələ"dir. Qaldı ki, bu, futboldur. Futbolda hər dəfə yuxarıda qalmaq imkanın yoxdur. Yuxarıda qalmaq üçün özünün də artıq imkanın olmalıdır. Qısa bir təcrübə gətirim: "Mançester Yunayted" neçə ildir öz çempionatında heç nə edə bilmir? Dünyanın ən varlı komandasından biridir.
- Çünki orada rəqabət var...
- Rəqabətdən də başqa, nəyisə haradasa düz etməyiblər. Bunların hamısı rol oynayır. Məncə, Azərbaycan futbolu klub səviyyəsində inkişaf edəcək. O da 4-5 komandanı götürmək şərti ilə. Amma futbolçu yetişdirib, onu inkişaf elətdirmək mənə bir qədər qaranlıq gəlir.
- Yəni, milli komandadan uğur gözləməyə dəyməz? Yerli futbolçu yetişdirilmirsə, yalnız legionerlərin sayəsində nəticə veririksə, milli səviyyəsində heç nə edə bilməyəcəyik?
- Klub sferasında qalxacağıq, milli səviyyəsində isə yüksəlimiz olmayacaq. Bu, görünən bir şeydir. Yolu gedirsənsə, çala var qabaqda. O çalanı görməyən adam gedir ora düşür, görən isə düşmür. Biz hələ bunu anlamamışıq.
- Bu halda, Fernandu Santuşla 2028-ci il Avropa çempionatına vəsiqə vədi vəd olaraq da qalacaq?
- AVRO-2028 deyirsiniz, mənə göstərin ki, 2028-ci ilə qədər hansı futbolçumuzun inkişaf etmək şansı var? Ən cavanı Xəyal Əliyevdir, düzdür? Onun da potensialı milli komanda səviyyəsində deyil. Bilirsiniz, biz necə yanaşırıq? Öz çempionatımzlda bir az seçilən futbolçuya deyirik ki, millimizə xeyir verəcək, Avropa çempionatına bizi çıxaracaq. Bəlkə də Santuş belə fikirləşir, amma mənim fikrimcə, bu, belə deyil.
- İndi U-21-ə Ayxan Abbasov baş məşqçi təyin edilib. Komanda ilk iki yoxlama oyununda uduzmayıb. Ondan nə gözləyirsiniz?
- Potensialı demək çox çətindir, bunu zaman göstərəcək. Ən əsası, Ayxan Abbasov Azərbaycan çempionatını tanıyır, Azərbaycanda olan futbolçuların nəyə qadir olduqlarını, nəyi bacardıqlarını bilir. Əcnəbi bunu bilmirdi. Bu gün Ayxan Abbasovla oynaya bilərlər. Amma bu, o demək deyil ki, gəlib milli komandada "dağıdacaqlar". Elə bir şey yoxdur. Orta səviyyədə ola bilərlər. Bizim səviyyəmiz orta səviyyədən bir az aşağıdır, bu, bizim maksimumdur. Çünki ortaya çıxmaq üçün böyük işlər görməliyik. O da bizə yaxın deyil.
"Bu, maşın sürə bilməyənin qarşısına "Ferrari" qoymaq kimi bir şeydir"
- "Neftçi" ilə yanaşı, "Sumqayıt"ın da uğursuz mövsüm keçirdiyini demək olarmı?
- 10 komanda arasında 8-ci yeri tutursansa, əlbəttə, uğursuzluqdur. Keçən il Konfrans Liqasına düşmüşdülər, uğurlu olmuşdular. Belə komandaların avrokuboklara vəsiqə şansı həmişə olmur.
- Klub üçün bu boyda infrastuktur qurulub, niyə nəticə verməməlidir? Normal da sponsoru, normal rəhbərliyi var...
- Nəyə normal deyirsiniz? Nə olsun meydançaları var? Bu, maşın sürə bilməyənin qarşısına "Ferrari" qoymaq kimi bir şeydir.
- Sürə bilən yoxdur?
- Samir Abasov var idi. Bilirsiniz, klubun içində çox şeylər var. Bu gün deyirlər ki, sponsoru var, niyə yer tutmadı? Bilirsənmi ki, bu klubun içində nələr olur? Bunu bilmədiyim üçün çox şey deyə bilmirəm. Sabah deyərlər ki, Ceyhun müəllim, siz bizim klubun içində varsınız ki, bunu deyirsiniz? Mən fərziyyə olaraq deyirəm, ola bilər ki, futbolçuların seçimi yaxşı olmadı. Keçən il daha fərqli idilər. Keçən ildən bəri "Sumqayıt"dan nə qədər futbolçu getdi. Bunun hamısı rol oynayır. Birdən hər şey bu vəziyyə düşmür ki... Ola bilər, indi oyunçu seçimində səhv etmisən, gələn il bunu düzəldəcəksən. Bu, "Qarabağ" deyil ki, oyunçuları eyni vəziyyətdə saxlasın.
- Elə isə "Sumqayıt" bu cür imkanlarla yüksək yerlər uğrunda mübarizə aparmamalıdır?
- "Turan Tovuz"un büdcəsi ilə "Sumqayıt"ın büdcəsini bir hesab edirsiniz?
- Məncə, "Sumqayıt"ın büdcəsi daha çoxdur. Açıqlanan hesabatlarda da görünür...
- Görünən tərəfləri də var, görünməyən tərəfləri də.
- Yeri gəlmişkən, "Turan Tovuz"u, Kurban Berdıyevin işini necə dəyərləndirirsiniz?
- Berdıyevin dekabra qədər oynatdığı futbolla yanvardan sonrakı fərqlidir. Mən düşünürəm ki, dekabrdan sonra komandanı gücləndirmək əvəzinə zəiflətdilər. Ona görə bir qədər aşağı səviyyəyə düşdülər.
- Komandadan bircə Otto Con getdi...
- Conun getməsi bəs edir də. Sərgilədiyi oyunla komandaya nə qədər xeyir verirdi, "Turan Tovuz" üslubuna uyğun çıxış edirdi. Getdi, amma yerini dolduracaq futbolçu gəlmədi.
- Sizcə, "Turan Tovuz" Konfrans Liqasına çıxa bilməsə, Berdıyev istefaya göndərilməlidir?
- Bizim futbolda problem bilirsiniz nədir? Bir baş məşqçi gəlib nəticə vermirsə, getməlidir. Blə bir şey yalnız bizdədir. Bir imkan verin "salam-əleyküm" eləsin. Berezutski deyil axı... Bu insanın təcrübəsi var. Buna zaman lazımdır ki, komandasını tam formalaşdırsın. Sən bilirsən ki, baş məşqçi "Turan Tovuz"dan nə istəyir. Hə, uzun ötürmələr, atletik futbol, standart vəziyyətlər. Belə bir futbol oynadır. Amma bununla belə, deyirsiniz ki, bu gün nəticə vermədin, get, yaxşı yol. Elə deyil axı.
- "Turan Tovuz"un cərimə meydançasına yığışıb qapıçını bloklamaq və qol vurmaq üslubu var...
- "Turan Tovuz" "Qarabağ" üslubunda futbol oynada bilməz. Berdıyev heç vaxt elə futbol oynatmayıb, atletik futbol oynadıb. Bunu da hamı bilir, qurtardı getdi. Deyirsən ki, baş məşqçi belə futbol oynadır. Sən bunu bilə-bilə niyə gətirirdin? Yaxşı futbol istəyirdinsə, başqa baş məşqçi gətirərdin. Oyun üslubu önəm daşıyır. Rəhbərlik düşünməli idi ki, Berdıyevi gətirirəmsə, bunun oyunu budur. Yox, adına baxıb gətirmişəmsə, o, başqa məsələ.
"Partlayış transfer gözləməyin"
- Qarşıdan yay transfer dövrü gəlir. Nəzərə alsaq ki, legioner limitini ləğv ediblər, belə bir şəraitdə partlayış transferlər gözləmək olarmı?
- Onu bəlkə "Qarabağ" edə bilər. Amma başqa klublardan bunu gözləməyin. Çünki hər bir yaxşı futbolçunun klubu ilə müqaviləsi var. Mən bunun içərisindəyəm, heç bir yaxşı futbolçunu heç kim azad buraxan deyil. Legioner limiti ləğv olunubsa, bu, o demək deyil ki, bütün klublar top səviyyəli, əla legionerlər gətirəcək. Bu, yanlışdır. Hərəsi öz yorğanına görə ayağını uzadacaq. Amma partlayış transfer gözləməyin.
- Düşünmürsüz ki, limitin götürülməsi buraya gələcək legionerin qiymətinin bir az da artmasına səbəb olacaq?
- Xeyr, bu gün yetərincə aşağı səviyyəli boşda olan legioner var, götürə bilərsən. Siz dediniz ki, 12 komanda daha effektli olacaq. Mən isə deyirəm ki, 12 komandanın hamısı legioner belə olsa, bu, effektli olmayacaq. Çünki komandalarımızın büdcəsi çempionatın tam olaraq hamısının səviyyəsini qaldırmaq üçün yetərli deyil.
- Klubların orta hesabla 10 milyon manat büdcəsi olmalıdır?
- Minimum! 10 milyon minimumdur. Ən aşağısı, bu qədər olmalıdır ki, çempionatın səviyyəsini qaldırasan. Bu gün "Qarabağ"la "İmişlİ"ni, "Zirə" ilə "Karvan"ı bir tərəziyə necə qoymaq olar? Mümkün deyil. Amma futbolun inkişafını istəyirik, İngiltərə, Almaniya niyə bu qədər qabağa gedir deyirik. Çünki onların birinci liqası ilə ikinci liqasının səviyyəsi demək olar ki, bərabərdir. İstər-istəməz, birinci liqadan qalxırlar Premyer Liqaya, eyni səviyyədə mübarizə aparırlar. Amma bizdə elə deyil. Bizdə uçurum var. 300 min və 3 milyon. Fərqə baxın. I Liqa komandasının büdcəsi ən aşağısı, 1 milyon manat olmalı idi ki, onlar da normal bir futbolçu gətirə bilsinlər. Aşağıdan legioner götürə bilsinlər, səviyyəni qaldırsınlar. Hə, onda inkişaf gedəcək. Yox, sıfırdan komanda. İndi elə bilirsiniz ki, "Karvan" və "İmişli"yə asan olacaq? Bunlar hələ futbolçu gətirməli, sıfırdan komanda qurmalıdırlar. Çox çətin olacaq.
- "Amma "İmişli" portuqaliyalı baş məşqçi gətirir...
- Problemimiz budur da... Bunlar yeməkpulu tapmırlar, Portuqaliyadan baş məşqçi gətirirlər (gülür). Misal üçün Amma real danışmağı xoşlayıram. Sənin 2,5 milyon manatlıq büdcən varsa, portuqaliyalı baş məşqçi min manata gəlir? O pulun 200 minini ver buna. Qalacaqsan küçələrdə, otelinin pulunu kim verəcək, nə bilim, digər xərcləri kim verəcək? Ona görə də bir az götür-qoy etmək lazımdır. Nəyisə adddım atırsansa, bilməlisən ki, mən nə istəyirəm.
Mbappe "Real Madrid"ə "2 şirvan"a getdi?
- Deyirsiniz ki, futbolçu tapmaq çətin olacaq. Belə bir şəraitdə "Neftçi" kimi tapıb gətirəcək?
- Pulun varsa, problemin olmayacaq. Hər bir komandanın keyfiyyətinə görə futbolçular var. Sənin imkanın varsa, ala biləcəksən, yoxdursa, ala bilməyəcəksən. Bu gün biz aşağıdan gələn komandalara gedib 200-300 minlik futbolçu ala bilməyəcək ki. Nəyə baxacaq? 5-10 minlik futbolçuya. Onların da arasında baxacaq ki, yaxşısı çıxsa, çıxacaq. Hər bir komandanın öz büdcəsinə uyğun futbolçular var. Hərə də bilir ki, öz büdcəsinə uyğun hansı oyunçular gətirə bilər, qurtardı getdi.
- Düşünürsünüzmü ki, "Neftçi" elə futbolçu gətirə biləcək?
- O, mənə aid olmayan şeydir. Onlar bilirlər. Onların içində olsaydım, bilərdim ki, kimlərə baxırlar, kimlərlə danışırlar.
- Siz də arabir futbolçu gətirirsiniz. Yəni "Neftçi" ilə bağlı bu sahədə işləyirsinizmi, məsləhət verirsinizmi?
- Məsləhət vermək mənlik deyil. Kim məsləhət verirsə, sabah günahkar çıxır. Ona görə hərənin öz rəhbərliyi, öz işçiləri var, öz aralarında da məsləhətləşirlər. Biz, sadəcə, qıraqdan baxırıq və ehtiyac olarsa, hansısa futbolçunu təklif edə bilərik.
- Deyirsiniz ki, transferlər olacaq, amma keyfiyyətliləri çox az olacaq. Bir "Qarabağ" ola bilər, bir də bəlkə "Neftçi"də , o da ehtiyacdan...
- Keyfiyyətli transfer pul xərclənsə ola bilər. Bu gün ola bilər ki, 500 minlik oyunçu var, amma klubu bir milyon istəyir. Onu verə biləcəksənsə, keyfiyyətlini gətirə biləcəksən. Verə bilməyəcəksənsə, gətirə bilməyəcəksən. Pulun varsa, o transferi həyata keçirəcəksən. Klubu oldu-olmadı. Məgər PSJ-dən sonra azad agent statusu alan Kilian Mbappe "Real Madrid"ə "2 şirvan"a getdi? O da pula getdi də. Pulun yoxdursa, Mbappeni necə götürə bilərsən?