Amma heç bir il bir il keçmədi ki, AMF nəinki Azərbaycanda, hətta qitə miyasında tanındı. Baş məşqçilərindən tutmuş futbolçularınadək hər biri azərbaycanlı olan, necə deyərlər, sırf öz uşaqlarımız Slovakiyanın Koşitse şəhərindəki Avropa çempionatından qızıl medal və kubokla qayıtdılar.
Daha 3 il keçdi və Azərbaycan millisi Bakıda dünya çempionu oldu!
Qısa müddətdə əldə olunan Avropa və dünya çempionluqları üçün zəmin isə daha əvvəldən - Bakıda xalı sahə və ya süni minifutbol meydançaları salınmağa başladığı vaxt yaranmışdı. Bu işlə də elə onlar məşğul idilər.
Həqiqətən də istənilən uğurun bünövrəsində infrastruktur, kütləvilik durur. "Həvəskar futbola peşəkar yanaşma" devizi ilə işə başlayan "Azfar Group" həvəskarları minifutbola cəlb etməklə yanaşı, onların içərisindən peşəkar minifutbolçular da yetişdirdi. Bu məqsədlə müxtəlif turnirlər, Azərbaycan çempionatları və ölkə kuboku uğrunda yarışlar təşkil olundu.
Böyük futbol təcrübəsinə malik azərbaycanlı futbolçular da minifutbola yönəldi və nəticədə Elşad Quliyevin rəhbərliyi altında qalib komanda formalaşdırıldı.
Elə dünya çempionatı da Azərbaycana çox qısa müddət öncə həvalə olundu. Amma təşkilatçılıq o qədər yüksək səviyyədə idi ki, sanki mundiala hazırlıq çoxdan başlamışdı. Dolu tribunalar, təntənəli açılış və bağlanış mərasimləri, komandaların yerləşmə və daşınma sarıdan məmnunluqları Bakıda dünya çempionatı üçün yeni standartların müəyyənləşdirilməsindən xəbər verirdi.
Çempionatın maskotu Maralzadənin timsalında hamının işini sevə-sevə, can-başla görməsi hər şeyin təbii və gözəl alınmasına gətirib çıxardı.
Bu yarış ən böyük komanda uğurudur!
Bu, komanda yarışında ən böyük uğurdur!
Çempionluğu qorumaq onu qazanmaqdan da çətindir. Ona görə də yeni hədəflərə doğru irəliləmək lazımdır. Bunlardan biri iri tribunalı minifutbol stadionunun tikintisidir.
Bu gün Prezident İlham Əliyev Azərbaycan minifutbol millisini qəbul edərkən, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda da bu barədə məsələ qaldırdı:
- Bildiyimə görə, Azərbaycan Minifutbol Federasiyası ölkədə minifutbol arenasına sahib olmaq üçün böyük səylər göstərir. Ümidvaram ki, Dünya Minifutbol Federasiyası və yerli hökumətlə birlikdə bu, uğurlu bir layihə olacaq. Çünki, şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqətən də layiqdirlər.
Dövlət başçısı isə buna cavab olaraq bildirdi:
- Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da çıxışında qazanılan uğurda sponsorların roluna diqqət çəkdi:
- Möhtərəm cənab Prezident, əlbəttə ki, Sizin idmana, gəncliyə, ümumiyyətlə bütün futbolsevərlərə, minifutbolsevərlərə verdiyiniz dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu hər bir futbolçu bilir və Sizə dərin təşəkkürümüzü bildiririk.
Həmçinin Sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar futbolun bu növünə yatırımlar edirlər. Bizim çox güclü çempionatımız var. Sponsorlar oraya dəstək göstərir. Əlbəttə ki, biz bu çempionatdan ən güclüləri yığaraq bu gün milli komanda yaratmışıq. Onlar həm Avropa çempionu, həm də dünya çempionu oldular.
Hazırda minifutbol yarışları Bakı Tennis Akademiyasının meydançasında keçirilir. Oradakı tribunalarda tamaşaçı sayı az olduğu üçün dünya çempionatı qapalı zalda keçirildi. Amma minifutbola açıq meydança yaraşır. Hansı ki, orada təkcə minifutbol yox, elə tennis üzrə Böyük Dəbilqə seriyalı "Roland Garros", "US Open" kimi turnirlər də təşkil etmək olar.
O zaman peşəkar səviyyəli minifutbol yarışları ilə yanaşı, azarkeşlərin də sayı çoxalacaq. Dünya çempionatının və dünya çempionlarımızın qazandıqları azarkeşlərin!