
Xorvatiyanın Split şəhərində fırtına ilə müşahidə olunan güclü külək "Hayduk" klubunun ev oyunlarını keçirdiyi "Polyud" stadionuna ciddi zərər vurub.
Sportnet.az xəbər verir ki, küləyin gücündən arenanın örtüyünün bir hissəsi qopub, qazon zərər görüb, qazonu su basıb və gündəlik iş rejimi pozulub.
Günorta saatlarında komandanın yeni transferi Fran Karaçiçin təqdimat mərasimi olmalı idi. Lakin mətbuat konfransına gələn jurnalistlər klubun üzləşdiyi zərəri işıqlandırmaq üçün stadiona aparılıb.
Klub rəsmisi Bojo Pavkoviç bildirib ki, cənub və qərb tribunalarının birləşməsində dam örtüyünə ciddi ziyan dəyib. O, fırtına tam sakitləşdikdən sonra dama alpinistlər qaldıracaqlarını açıqlayıb.
Qeyd edək ki, "Hayduk" və "Zirə" komandaları "Polyud" stadionunda iyulun 31-də UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcəklər. İlk oyun isə iyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək.