
İngiltərə "Arsenal"ının yay transfer dövrüdə heyətinə qatdığı Viktor Dökereş artıq London klubuna ciddi maliyyə qazancı gətirib.
Sportnet.az xəbər verir ki, İsveç millisinin hücumçusu “topçular”a keçdikdən sonra az müddət ərzində forma satışları üzrə klub tarixində rekord göstəriciyə nail olub.
Dökereşin 14 nömrəli forması satışa çıxarıldığı ilk həftədə on minlərlə nüsxə ilə satılıb və bu, "Arsenal" üçün kommersiya baxımından ən uğurlu transferlərdən birinə çevrilib..
Forma satışlarından əldə edilən gəlirin təxminən 8 milyon funt sterlinqə yaxın olduğu bildirilir ki, bu da London klubunun indiyədək bir transferdən bu qədər tez gəlir əldə etməsi baxımından ilkdir.
Qeyd edək ki, Viktor Dökereş ötən mövsüm Portuqaliyanın “Sportinq” klubunda 43 qolu və parlaq çıxışı ilə Avropanın aparıcı klublarının diqqətini cəlb etmişdi. "Arsenal" onun transferi üçün təxminən 60 milyon funt sterlinq ödəyib.
Həşim MƏMMƏDOV