
Gəncə stadionunun tamaşaçı tutumu açıqlanıb.
Sportnet.az xəbər verir ki, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadion layihə üzrə 15 min 343 yerlikdir.
Arenada fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur.
Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq.
Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Qeyd edək ki, 1959 - 1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.
Xatırladaq ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək.
Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.