
"Bizi nəyin gözlədiyini bilirdik. Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis istədiklərini etməyə çalışdıqlarını bildirib: "Demək olar, istədiyim komandanı gördüm. Mövsümün gedişində hücum və müdafiə planında daha yaxşı oynayacağımızı düşünürəm.Yaxşı, mübarizəli oyun getdi. Futbolçular bu dinamikaya uyğunlaşırsa, təqdirəlayiqdir".
O, komanda üzərində hər hansı təzyiqin olduğuna dair iddiaları təkzib edib: "Avrokuboklarda daha yaxşısını etməyə çalışdıq, amma alınmadı. İşimizi davam etdiririk. Tənqidə açığıq, amma işimizi şayələrə uyğun qurmuruq. Ümidverici məqam odur ki, komandam geridönüş etməyi bacarır və möhkəmdir".
Baxşıyev "Araz-Naxçıvan"ın qapısına təyin olunan penalti zərbəsindən də danışıb: "Penalti epizodu ilə bağlı qərar, məncə, yanlış idi".
O, komandasının avrokuboklardakı çıxışından da söz açıb: "Heyətimizə 4-5 futbolçu cəlb etdiksə, mütləq qruplarda oynamalı deyilik. Avrokuboklar istəklə bağlı deyil, bunun üçün tədricən komanda formalaşmalıdır. "Qarabağ" nümunəsi var, onlar da qruplara addım-addım yaxınlaşdılar. Biz də bu yarışda yeniyik. Amma niyəsə hər dəfə neqativ mənada "Araz-Naxçıvan" göstərilir".