
Özbəkistanda dövlət stadionlarının və futbol meydançalarının özəlləşdirilməsi, habelə, onların təyinatlarının dəyişdirilməsinə sərt qadağa qoyulub.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı Prezident Şavkat Mirziyoyev sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq, Kadastr Agentliyi informasiya sistemində futbol stadionları və meydançalarının təyinatlarının dəyişdirilməsi və ya satışını istisna edən xüsusi məhdudiyyət tətbiq olunacaq.
İlin sonunadək bütün dövlət stadionları və meydançaları tam inventarizasiyadan keçəcəklər. Bundan sonra onlar barədə məlumatlar "Milli futbol elektron platforması"nda 2026-cı ilin iyulunadək yerləşdiriləcək. Sahibi müəyyənləşdirilməyən stadionlar və meydançalar dövlət reyestrinə daxil edilərək, hüquqi status alacaqlar.
Xatırladaq ki, 2024-cü ilin əvvəllərində "Paxtakor" klubu və onun stadionunun satışa çıxarılması böyük ictimai rezonans doğurub. Həmin vaxt sahibkar Cahongir Ortikxucayevin "Havayı versələr alaraq, pulla yox" açıqlaması geniş müzakirələrə səbəb olub.
Prezidentin sərəncamında daha bir vacib təşəbbüs oktyabrın 1-dən "Hər məhəllədə futbol meydançası" proqramına başlanılacağıdır. Proqrama əsasən dövlətin boş torpaqları onların bir hissəsində mütləq qaydada futbol meydançasının salınması, istifadə məqsədinin minimum 10 il ərzində dəyişməməsi şərti ilə hərraca çıxarılacaq. Torpaq sahəsinin qalan hissəsini alıcı sahibkar qanunvericiliyə uyğun istifadə edə bilər. Ərazi 3 ay ərzində satılmasa onun qiyməti tədricən 10 faiz azalacaq və 3 ilədək müddətdə pulla almaq mümkün olacaq.
Yerli icra hakimləri dekabradək ünvanlı proqram hazırlamalı və məhəllələrdə futbol meydançalarının tikintisinin konkret planını təsdiqləməlidirlər.
Sərəncam çərçivəsində aşağıdakı təşəbbüslər də həyata keçiriləcək:
- Özbəkistanlı legionerlərə məktəb və klub açmaq üçün torpaq sahələrinin verilməsi;
- Futbol matçlarına bilet satışı zamanı alıcılar identifikasiyadan keçməlidirlər;
- Milli Futbol İnformasiya sistemi qazanacaq.
Məsul şəxslərin sözlərinə görə, bu tədbirlər futbol infrastrukturunu kardinal səviyyədə yaxşılaşdıracaq və əhali, xüsusən, gənclər üçün geniş imkanlar yaradacaq.