
““İlk növbədə, rəqibi qələbə təbrik edirəm. Onlar əllərinə düşən imkanların hamısını dəyərləndilər və layiqli qələbə qazandılar. Biz isə komanda olaraq, istədiklərimizi edə bilmirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis öz komandasının zəif çıxışının səbəbini araşdırmağa çalışdıqlarını bildirib: "Bunun səbəblərini axtardıq, nə qədər danışdıq. Bir çox məsələlərdə futbolçularla ortaq məxrəcə gələ bilmir, məşqdə gördüklərimizi oyunda görə bilmirik. Bu barədə yenə danışacaq, söhbət edəcəyik. Sadəcə, görünən odur ki, komanda istədiklərimizi meydanda tam həyata keçirə bilmir. Bu da oyunların hamısında uduzmağımıza səbəb olur".
O, azarkeşlərlə aralarında yaranmış münaqişəyə də toxunub: "Kimsə nəsə dedikdə, bu, mənə təsir edir. Kim fikirləşirsə ki, mən bu komandanı sevmirəm, böyük səhv edir. Bizim futbolçular təzyiqə dözürlər, amma oyunu tam olaraq sona qədər çatdıra bilmirlər. Azarkeşlərin üstünə yürümədim, sadəcə onlar tərbiyəsizlik etdilər. Heç kəs kimisə təhqir etməməlidir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdırlar. Kimsə danışanda, ilk növbədə özünü, sonra da ailəsini düşünməlidir. Mənim 50-yə yaxın yaşım var, uşaq deyiləm. İnsan nə deyirsə, onun cavabını verməlidir. Azarkeşə dedim ki, məni istefaya göndərmək sənin başın üçün deyil.”