
"Çox xoşbəxtəm, çempionatda ilk qalibiyyətimizi qazandıq".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Nicat Əliyev evdə "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.
24 yaşlı müdafiəçi çox vacib qələbəyə nail olduqlarını bildirib: "Əvvəlki oyunlarda yaxşı çıxış etsək də, nəticə baxımından sevinə bilmirdik. Nəhayət, qələbə gəldi və buna görə çox sevincliyik".
Əliyev ikinci hissədə daha yaxşı oynamalarının səbəbini belə izah edib: "Həm biz, həm də baş məşqçimiz Kaxaber Tsxadadze bu oyunun nə qədər önəmli olduğunu bilirdik. Qarşılaşmaya həftə boyunca köklənmişdik. Baş məşqçimiz də dəfələrlə bunun vacibliyini vurğulamışdı. Meydana ayrıca bir motivasiya ilə çıxdıq, çünki mütləq 3 xal qazanmaq istəyirdik və buna da nail olduq. İkinci hissədə motivasiya baxımından özümüzü daha yaxşı hiss etdik və nəticədə daha üstün oyun sərgilədik".
Qeyd edək ki, bu gün Nicat Əliyevin 24 yaşı tamamlanır.
Haşım MƏMMƏDOV