UEFA İntizam Komitəsi Portuqaliyanın "Benfika" klubuna qarşı sərt qərarlar qəbul edib.
Sportnet.az xəbər verir ki, qərar Lissabon təmsilçisinin evdə İspaniya "Real Madrid"inə 0:1 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda baş verən hadisələrlə bağlıdır.
Azarkeşlərin irqçi və diskriminasiya xarakterli davranışına görə klub 40 min avro cərimələnib. Bundan başqa, stadionun 10 və ya 11-ci sektorunda yerləşən 500 yerin bağlanması qərarı verilib. Lakin bu cəza 1 il sınaq müddəti ilə şərti xarakter daşıyır.
Digər qayda pozuntularına görə “Benfika” 8 min avro (lazer istifadəsi) və 25 min avro (əşyaların atılması) məbləğində cərimələnib.
Bundan əlavə, klubun məşqçi köməkçisi Pedro Luis Ferreira Maçado qeyri-idman davranışına görə 1 oyunluq cəzalanıb.

















































































