UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı (CEDB) Türkiyənin "Fənərbağça" klubu ilə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna İstanbul komandasının azarkeşlərinin UEFA Avropa Liqasının pley-off mərhələsində "Nottingem Forest"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunu zamanı yolverilməz davranışları səbəb olub.
Fanatların pirotexniki vasitələrdən istifadə etməsi və onları meydançaya atmasına görə klub 30 min avro cərimələnib. Bundan əlavə, “Fənərbağça” səfərdə keçirəcəyi növbəti avrokubok matçı üçün azarkeşlərinə bilet sata bilməyəcək.
Həmçinin tribunaya vurulan ziyanlara görə klub əlavə olaraq 20 500 avro cərimə olunub. UEFA, “Fənərbağça”ya zədələnmiş oturacaqlarla bağlı 30 gün ərzində “Nottingem Forest”lə əlaqə saxlayaraq dəymiş zərərin ödənilməsini tapşırıb.
Qeyd edək ki, "Fənərbağça" "Nottingem Forest"ə öz meydançasında 0:3 hesabı ilə uduzduğu üçün cavab matçındakı minimal fərqli qələbəyə baxmayaraq, 1/8 finala yüksələ bilməyib və mübarizəni dayandırıb.

















































































