Sportnet.az xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyası bölgələrdə idmanın, xüsusilə ağırlıqqaldırmanın inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Federasiya rəhbərliyinə müraciət edən idman məktəbləri və klublar mərhələli şəkildə zəruri avadanlıqlarla təmin olunur.
Bu çərçivədə AAF tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Şərur rayon Uşaq-Gənclər İdman Məktəbinə beynəlxalq standartlara cavab verən ştanq dəsti təqdim olunub. Avadanlıq məktəbin məşqçisi Şəfi Hüseynova təhvil verilib.
Bundan bir neçə gün əvvəl isə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tabeliyində olan Qazax rayon Uşaq-Gənclər İdman Məktəbi də tam dəst ştanq avadanlığı ilə təmin edilib. Sözügedən avadanlıq məktəbin baş məşqçisi Sərxan Qasımlıya təqdim olunub.
AAF yaxın vaxtlarda federasiyaya müraciət edən digər idman məktəbləri və klublara da avadanlıq dəstəyi göstərməyi planlaşdırır.

















































































