Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz” Yevlax şəhər stadionunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanıb. Yevlax şəhər stadionunda keçirilən qarşılaşmadan sonra Gəncə təmsilçisinin qapıçısı Yusif İmanov Sportnet.az-a açıqlama verib.
24 yaşlı qolkiper oyunu belə dəyərləndirib: “Çox sevinirik ki, qələbə qazandıq. Bu, “Qarabağ” üzərində ikinci qələbəmizdir və göstərir ki, nəticə təsadüfi deyil. Komanda olaraq çox əziyyət çəkdik. Sonda Allah zəhmətimizin bəhrəsini verdi".
İmanov çıxışların qeyri-sabit olmasına da toxunub: “Bəzi oyunlarda yaxşı çıxış etsək də, ani diqqətsizlikdən qol buraxırıq. Bəzən isə istədiklərimizi meydançada tam reallaşdıra bilmirik. Futbolda belə hallar olur. Çalışırıq ki, hər kəs maksimumunu versin. İnanıram ki, bunun davamı da gələcək”.
Qapıçı güclü rəqiblərə qarşı oynamağın inkişaf üçün vacib olduğunu vurğulayıb: “Qarabağ” kimi komandaya qarşı oynamaq çox faydalıdır. Onların səviyyəsini hamı bilir. Belə matçlarda təzyiq altında oynayırsan və ani qərarlar verməlisən. Bu da futbolçu kimi inkişafına kömək edir".
Öz performansına toxunan İmanov komanda oyununu ön plana çəkib: “Mən deməzdim ki, ən yaxşısı mən idim. Komanda olaraq çox yaxşı oynadıq və demək olar ki, istədiklərimizi etdik. Uşaqlar böyük əziyyət çəkdi, mən də komandaya kömək etməyə çalışdım".
Milli komandaya dəvət almamasına isə qolkiper belə reaksiya verib: “Açığı, dəvət gözləyirdim və bir qədər məyus oldum. Amma qərara hörmətlə yanaşıram. Mən oynayan qapıçıyam və kifayət qədər təcrübəm var. İnanıram ki, növbəti dəfə olar".
Mövsümün hədəflərinə gəlincə, qolkiper daha iddialı danışıb: “Premyer Liqada qalmaq istəyirik. Amma “Kəpəz” kimi klubun hədəfləri daha böyük olmalıdır".
Sonda isə o, növbəti tur barədə fikirlərini bölüşüb: “Qəbələ” ilə oyuna ciddi hazırlaşacağıq. Maksimum nəticə qazanmaq istəyirik. Ən azı bu mövsüm liqada qalacağımıza inanırıq".


















































































