Azərbaycan milli komandasının və "Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadənin Sportnet.az-a müsahibəsi
“FIFA Series – 2026”da ilk görüşünüzü Sent Lüsiya yığmasına qarşı keçirəcəksiniz. Matç barədə nə deyə bilərsiniz?
- Oyuna yaxşı ab-hava və əhval-ruhiyyədə hazırlaşırıq. Hamımız qələbə qazanmaq istəyirik. Qarşıdakı oyunlardan başlayaraq, cari seçmə tsikldə yaxşı forma yığmaq və nəticələr göstərmək şansımız var.
- Sent Lüsiya millisi barədə nə bilirsiniz?
- Söhbət millidən gedirsə, belə komandalar və futbolçuları zəif olmur. Daha güclüləri və nisbətən zəifləri olur. Hər şeyin asan olacağı, çıxıb asanlıqla qələbə qazanacağımız oyun yoxdur. Hər bir matça köklənməli, istəkli və yaxşı oyun göstərmək arzusu ilə çıxmaq lazımdır. Prinsipcə, biz bunları yaxşı anlayır və hazırlaşırıq.
- Omanın Bakıya gəlməməsi planlarınıza necə təsir etdi: Rəqiblər arasında daha güclüsü sayılan komanda ilə finalda qarşılaşma şansının əldən çıxdığını düşünmürsünüz?
- Bəli, finalda Omanla qarşılaşa bilərdik. Təəssüf ki, onlar Omandan uçuşların ləğv olunması səbəbindən gəlməyəcəklər. Onlarla qarşılaşmaq maraqlı olardı. Məncə, yaxşı komandadır.
- Millidən "Sumqayıt"a keçək. Niyə son dövrlərdə müsbət nəticələr göstərə bilmirsiniz?
- Açığı, özümdə belə bu suala cavab yoxdur. Başa düşmürəm ki, nə baş verir. İstək, çalışqanlığım var. Bu məsələdə yalnız özüm barədə danışa bilərəm. Deməzdim ki, uşaqlar fərqlidirlər. Hamı istəyir, amma bir neçə amil var ki, hər biri azacıq təsir göstərir. Yekun nəticəsi isə belə görünür ki, yoxdur.
- Hətta penaltiləri də vura bilmirsiniz. Bu, psixoloji amillərin təsirinə görədir?
- Bəli. Əvvəllər rəsmi oyunlarda penalti vurmamışdım. Komandanın psixoloji cəhətdən ağır durumunda məsuliyyəti üzərimə götürməyi qərara aldım. Amma vura bilmədim. Ağır idi, məndə də alınmadı.
- Penaltini təkcə siz yox, bütün komanda üzvləri vura bilmir...
- Razıyam, bu mövsüm penalti ilə bağlı durum belədir. Kim topa yaxınlaşırsa, vura bilmir. Bəxtsizlik ardıcıllığıdır.
- Baş məşqçi Saşa İliç bildirib ki, komandaya güclənmək lazım idi. Bəs siz necə düşünürsünüz: Qış fasiləsindən sonra heyəti lazımi səviyyədə gücləndirə bilmisiniz?
- Yeni İlədək biz ilk "4-lük"də idik. Yaxşı oyun göstərir, nəticələr verirdik. Futbolçularımız da yetərincə idi. Amma İliç baş məşqçidir, onun öz baxışı var. Başa düşürdü ki, yeni ildən sonra digər komandalar güclənəcək, bizimlə oyunlara daha yaxşı hazırlaşacaq, komandamızı dərindən öyrənəcəklər. Buna görə də yenə futbolçular istəyirdi. Fikrimcə, o, xahiş edibsə, nə istədiyini də bilir. Bizim yaxşı futbolçularımız var, amma heç bir komandaya daha yaxşı futbolçular mane olmur.
- "Sumqayıt"la daha bir il müqaviləniz var. Təklif gəlsə, başqa kluba transfer olunmağa razılıq verərsiniz?
- Açığı, hələ bu barədə düşünməmişəm, çünki tezdir. Qarşıda oyunlarımız var, çempionatın sonunadək sadəcə, oynamaq və həm komanda, həm də fərdi olaraq, maksimumu göstərmək, yaxşı formada olmaq lazımdır. O halda hər şey üzə çıxacaq.
Elşən MƏMMƏDOV

















































































