Azərbaycanın U-21 yığmasının baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunundan əvvəl mətbuat konfransında çıxış edib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı baş məşqçi sabahkı görüşdə yığmanın əsas hədəfini açıqlayıb:
“Futbolçular mental olaraq qalibiyyətlərə hazır olmalıdırlar. Heç bir rəqib qələbəni bizdən çox istəyə bilməz. Fərqi yoxdur, Portuqaliyaya qarşı oynayırıq, yoxsa başqa komanda ilə. Əsas məqsədimiz oyunçularımızı əsas milliyə hazırlamaqdır. Vacib məsələ odur ki, oyunçular pozitiv təcrübə alsınlar və növbəti addımı atanda, onlar mental olaraq qələbələrə hazır olsunlar”.
Eyyudov çətinliklərlə üzləşdiklərini deyib:
“Bizim üçün çətin olan müəyyən məqamlar var. Bəzi oyunçularımız Əvəzedici Liqasında, digərləri isə 1-ci Liqa və Premyer Liqada oynayırlar. Biz fiziki baxımından necə balans tapaq ki, hamı eyni kondisiyada olsun? Ən böyük çətinlik budur. Fiziki baxımdan bu oyuna tam hazırıq. İkinci məsələ, taktiki məsələdir. Bu barədə qısa müddət ərzində futbolçulara maksimum məlumat ötürməyə çalışdıq. Yalnız mental məsələ qalır. Bu da futbolçuların özlərindən asılıdır. Mən daim futbolçulara deyirəm ki, özünüzə inanın, hədəflərinizi maksimum qoyun. Sadəcə sözlə yox, bunu əməllə meydançada göstərmək lazımdır”.
U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci km qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək.



















































































