
"Rəqibin oyununa baxıb təhlil etmişdik. Fərdi oyunçuları var idi, onların qarşısını almağa çalışdıq. Əks hücumlarda qol vura bilərdik. Əzmkarlıq göstərdik. Futbolçularımı təbrik edir, gələcək oyunlarda uğurlar arzulayırıq".
Sportnet.az xəbər verir ki, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssisin sözlərinə görə, bir həftə öndə 0:3 hesabı ilə uduzduqları "İmişli" bugünkü rəqibdən daha çətin deyil: "Üç oyundur standart vəziyyətlərdən qol buraxırdıq. Bu dəfə isə bunun qarşısını almağa çalışdıq. "Qəbələ" ilə heç-heçə və "Kəpəz" üzərində qələbə sayəsində ardıcıl 2 oyunda 4 xal qazandıq. Komandamıza hamının 3 xal gözü ilə baxmaması üçün toparlandıq. "İmişli" ilə oyuna 4 müdafiəçi ilə çıxmışdıq. Bu da hücumlarda çoxalıb qollar vurmaq istəyi ilə əlaqədar idi. Gördük ki, bu, alınmır. Ona görə də bu gün 5-li müdafiə ilə oynadıq və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Müdafiədən oynadıq və bu da alındı".
Həşimovun fikrincə, müdafiəçilər aqressiv, hirsli olmalıdırlar: "Elvin Yunuszadə məşqdə arxa əzələsindən mikrozədə aldı. Bu gün ona dinclik verdik. Heyətimizdə əvəzolunmaz futbolçudur. Müdafiəyəmeylli futbolçular aqressiv, hirsli olmalıdır. Hücumçu Mikels və qapıçımız gələn həftədən məşqlərə qoşulacaq".
Baş məşqçi qapıçı Kamran İbrahimovun çıxışından da danışıb: "Son 3 oyunda 8 top buraxmışdıq. Kamran İbrahimovla söhbət etdim və dedim ki, sənə inanırıq. Deyərdim ki, onun üçün "Neftçi"yə qarşı oynamaq bir motivasiyadır. Sonadək mübarizə apardıq, döyüşdük. ikinci hissədə də basqı gözləyirdik. Ona görə də futbolçulardan təmkinli olmalarını istədim".