"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu dəfə II tur matçında Danimarka "Kopenhagen"inə qalib gəlib - 2:0.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə Ağdam komandası fəal başlayıb. Ardıcıl hücumlar 28-ci dəqiqədə bəhrəsini verib. Pedro Bikalyonun zərbəsindən sonra dirəyə dəyib geri qayıdan topu kapitan Abdullah Zubir boş qapıya göndərib.
Növbəti qol isə 83-cü dəqiqəyə təsadüf edib. Meydana yenicə daxil olan Emmanuel Addai cərimə meydançası xaricindən topu rəqib qapısına göndərib.
Beləliklə, "Qarabağ" Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbənin ardından "Kopenhagen"i evdə yenməyi bacarıb. Azərbaycan təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində də bu komandanı ilk görüşdə məğlub etmişdi - 1:0. Cavab görüşündə 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, Ağdam komandası həmin vaxt qüvvədə olan səfər qolu prinsipi sayəsində tarixində ilk dəfə qrup mərhələsinə yüksəlmişdi.
“Qarabağ” 6 xalla mərhələnin liderləri arasında yer alıb.
Qeyd edək ki, III turda rəqib İspaniya “Atletik”i olacaq. Bilbao təmsilçisi ilə səfər görüşü oktyabrın 22-də baş tutacaq.
----------------------------
Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, ev oyununda rəqib Danimarka "Kopenhagen"i olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Niderlanddan olan milliyyətcə türk referi Serdar Gözübüyük idarə edəcək.
İlk turda "Qarabağ" Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə yenib. "Kopenhagen" isə evdə Almaniya "Bayer"i ilə görüşdə qələbəni əldən verib - 2:2.
Hazırda Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü yerdə gedir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr
20:45. "QARABAĞ" (AZƏRBAYCAN) - "KOPENHAGEN" (DANİMARKA) - 2:0
Qollar: Abdullah Zubir, 28. Emmanuel Addai, 83
Baş hakim: Serdar Gözübüyük
Yan xətt hakimləri: Ervin Zeinstra, Patrik İnia
Dördüncü hakim: Yannik Van Der Laan
VAR hakimi: Rob Deperink (hamısı Niderland)
VAR hakiminin köməkçisi: Jeroen Mansxot (hamısı Albaniya)
Hakim-inspektor: Sokol Yareçi (Albaniya)
UEFA nümayəndəsi: Yovan Şurbatoviç (Serbiya)
Tofiq Bəhramov adına Respublika stadionu.












































































