Sportnet.az "Turan Tovuz"un kapitanı Faiq Hacıyevin "Sumqayıt"ı evdə 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVII turu matçından sonra müsahibəsini təqdim edir:
- Komandanla 100-cu matçına çıxdın...
- Xoşbəxtəm. "Turan Tovuz"da daha çox oyun keçirməyi arzu edirəm. 100-cü matçım olduğunu bilirdim, lakin anons olunacağını gözləmirdim. Bu, mənim üçün xoş oldu. Ümid edirəm, bu davamlı olar və daha çox oyun keçirdərəm.
- Kubokda "Zirə" ilə qarşılaşma üçün geri-dönüş gözləntilərin var?
- Bu futboldur. İnanırıq. İlk öncə "Araz-Naxçıvan"la oyunumuz var. Ondan sonra "Zirə" ilə dueli fikirləşə bilərik.
- Prezidentiniz də, baş məşqçiniz də, futbolçularınız da "edəcəyik", "baxacağıq" kimi şablon sözlərdən istifadə edir. Bəs reallıq necədir? Çempionluq şansınızın bitdiyini deyə bilərik.
- Heç kimdən çəkinmirik. Bu, futboldur. Sona qədər mübarizə aparacağıq. Şansımız varsa, niyə də uğur qazanmayaq?
- "Zirə" ilə matçda hesabı bərabərləşdirməyə oynayıb matçı penaltilər seriyasına gətirməyi planlaşdırırsınız, yoxsa taleyi 90 dəqiqədə həll etməyi?
- Nə yalan deyim, o qarşılaşmanın hazırlığına başlamadığımız üçün, məşqçinin hansısa bir tapşırığı haqda nəsə deyə bilmərəm.
- "Zirə"nin "Sabah"la səfərdə heç-heçə etməsi sizin üçün kubok qarşılaşması üçün narahatlıq yaradır?
- Bizi o məsələ maraqlandırmır. Maksimum öz oyunumuza köklənəcəyik və vuruşacağıq.
- Matçlarınızdan öncə hakim təyinatlarına nəzər yetirirsiniz?
- Xeyr. Qələbə qazanmaq istəyiriksə, əzmkarlıq göstərməliyik. Hakimin bir səhv edər, biz vuruşub yenə vurarıq.
- Əliyar Ağayevin növbəti qarşılaşmalarınızda təyinat alması sizin üçün psixoloji narahatlıq doğura bilər?
- Xeyr. Ötən oyunda bir neçə səhvlər etdiyini gördük. Amma inanmıram ki, bu hal növbəti qarşılaşmalarda bizə psixoloji cəhətdən hansısa təsir göstərə bilsin.
- Neçə oyundan sonra artıq öz 3-cü yerinizin möhkəmləndiyindən əmin ola bilərsiniz, əsas hədəfinizi kuboku qazanaraq Avrops Liqasına vəsiqə qazanmaq üzərində qoymusunuz, yoxsa öz yerinizi möhkəmləndirərək konfransa qatılmaq?
- Bizim sırf məqsədimiz Avropa kubokları ilə bağlı deyil. Çıxış etdiyimiz hər bir müsabiqədə maksimal nəticə əldə etmək istəyirik.
- "Zirə" və "Neftçi" turnir cədvəlində sizə yaxınlaşır...
- Öz oyunumza köklənmişik. Belə çıxış etməyə davam etsək, yaxşı olacaq.
- 100-cü oyununu keçirdin. Bu müddətdə səni komandaya bağlayan nə oldu?
- 5 ildir ki, buradayam. İndi Bakıda qalsam da, Tovuzda qaldığım müddət də olub. Buradakı azarkeşlər mənə doğma gəlir. Məni çox isti qarşıladılar. İnsan belə istiliyi hiss etdiyi yerdən niyə getsin ki?
- Komandanızın Kurban Berdiyev kimi çətin xarakterli baş məşqçisi var. Bu sizə problem yaradır?
- Xeyr. Heç bir problem yaratmır. Hər kəsin öz duruşu var. Bizdən ondan nələrsə öyrənirik, hardan bilək, bəlkə biz də gələcəkdə baş məşqçi olduq.
- Bundan müəyyən təcrübələr qazandınız?
- Əlbəttə, çox şey qazandıq.
Mikayıl HACIYEV










































































