Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək cüdo üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin yekun heyəti bəlli olub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, dörd gün davam edəcək nüfuzlu yarışda 11 çəki dərəcəsində 15 cüdoçumuz mübarizə aparacaq.
İlkin heyətdə yer alan Ruslan Paşayev (66 kq) zədələndiyi üçün yekun siyahıda onu Turan Bayramov əvəzləyib.
Kişilərin mübarizəsinə Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq), qadınların yarışına isə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq) qatılacaq.
Avropa çempionatında kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçik, həmçinin qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar komandalara rəhbərlik edəcəklər.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.





















































































