Azərbaycan Premyer Liqasının XXVII turu başa çatıb.
Sportnet.az xəbər verir ki, “Turan Tovuz”la oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:
"Mənim Danilo Beskorovaynıy ilə konfliktim haqda yazan jurnalist buradadır? Bu, feykdir. 100 faiz. Burada üç məsələ var ki, hər birində də çox pis hadisədir. Həm oyunçu, həm klub, həm də mənim özüm üçün bu cür yalan xəbərin yayılması pis xəbərdir. Danilonun oynamamasının bununla əlaqəsi yoxdur. Bayram fasiləsində onun Ukraynada bəzi sənəd məsələləri var idi və məşqlərə üç gün gecikmişdi. Oynamaması da sırf bununla bağlıdır".
- Oyun haqda fikriniz necədir?
- Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu kontrol altında saxladıq.
- Birinci hissədəki qorxaq futbol oynamağınız nə ilə bağlı idi?
- Düzünü deyim, bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq.
- Dini bayramla bağlı sizi təbrik edirəm. Maraqlıdır, dünən kilsədə etdiyiniz dualarınız arasında bugünkü oyun var idi?
- Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, "Araz-Naxçıvan"la görüş, "Neftçi" ilə matç. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir.
- "Sumqayıt"ın Premyer Liqadan düşmək təhlükəsi haqda düşünürsüz? Çünki "İmişli" bu gün qalib gələrək, sizinlə xal fərqini azaltdı..
- Düşünmürəm. Təbii ki, hər şey ola bilər. Altı oyun qalıb. Amma inanmıram ki, bu baş versin.













































































