UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
İngiltərə təmsilçisi "Liverpul" turnirin son qalibi Fransa PSJ-sini qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Usman Dembele 72-ci və 90+1-ci dəqiqələrdə vurub.
Beləliklə, PSJ ilk oyunda da eyni hesabla qalib gəldiyi üçün adını yarımfinala yazdırıb.
İspaniyada "Atletiko Madrid" və "Barselona" arasındakı cavab görüşü isə daha məhsuldar alınıb. Kataloniya təmsilçisi ilk matçdakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb.
Artıq 4-cü dəqiqədə Lamin Yamal hesabı açıb. 24-cü dəqiqədə Ferran Torres "Barsa"nın ikinci qolunu vurub. Lakin 31-ci dəqiqədə Ademola Lukman fərqlənərək, iki oyunun cəmində üstünlüyü "Atletiko"nun xeyrinə dəyişib. Qonaqlar üçüncü qolu vurmağa çalışdıqları vaxt ilk matçda olduğu kimi, ağır zərbə alıblar. Bu dəfə 79-cu dəqiqədə Erik Qarsia hücumun qarşısını kəsdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, "Barselona"nı azlıqda qoyub.
Qalan dəqiqələrdə "Atletiko" hesabı qorumağa müvəffəq olub və 1:2 hesablı məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsində yarımfinala vəsiqə qazanmağı bacarıb.
Növbəti mərhələdə PSJ "Real Madrid" (İspaniya) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Atletiko" isə finala gedən yolda "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) cütünün ən güclüsünü sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
Cavab oyunları
14 aprel
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2
Qollar: Usman Dembele, 72; 90+1
İlk oyun - 0:2
23:00. "Atletiko Madrid" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Ademola Lukman, 31 - Lamin Yamal, 4; Ferran Torres, 24
Qırmızı vərəqə: Erik Qarsia, 79 ("Barselona")
İlk oyun - 2:0
Qeyd edək ki, mərhələnin digər cavab oyunlarından olan "Bavariya" - "Real Madrid" və "Arsenal" - "Sportinq" matçı aprelin 15-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


















































































