Aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisi cüdo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu yarış təkcə medal mübarizəsi deyil, həm də milli məsələdir. Azərbaycan millisi isə bu yarışa sadəcə iştirakçı kimi yox, favorit kimi yollanır.
Etiraf edək: bu gün ölkənin ən stabil və ən uğurlu komandası məhz cüdo millisidir. Hər turnirdə medal gözləntisi, hər çəkidə iddialı idmançı – bu, artıq təsadüf deyil, sistemdir. Amma böyük qələbələrin təkcə tatamidə qazanılmadığını da bilirik. Bəzən tribunadan gələn səs, verilən dəstək son anda taleyi dəyişir.
İndi sual başqadır: Tbilisidə o səsi kim yaradacaq?
İllər boyu qonşu ölkədə keçirilən oyunlarda azərbaycanlı azarkeşləri demək olar ki, görmədik. Bunun obyektiv səbəbləri vardı – məsafə, şərait, təşkilati çətinliklər.
Amma bu arqumentlər artıq köhnəlib. Bu gün Borçalı ilə Tbilisi arasında məsafə problem deyil. Üstəlik, paytaxtın özündə minlərlə soydaşımız yaşayır, işləyir, biznes qurur.
Mənzərə dəyişib. İndi seçim də dəyişməlidir.
Bu yarış Qərbi Avropada keçirilmir ki, yol uzaq, imkan məhdud olsun. Bu, dost və yaxın ölkədə baş tutur. Yəni bəhanə yoxdur. Əksinə, fürsət var – tribunaları doldurmaq, rəqiblərə psixoloji təzyiq yaratmaq, öz idmançına “sən tək deyilsən” mesajı vermək fürsəti.
Bu il "Qarabağ"ın Avropa səfərlərində gördüyümüz mənzərə ümid verdi. Minlərlə azərbaycanlı stadionlarda komandanın yanında idi. Deməli, istəyəndə olur. Deməli, bu xalq azarkeşlik etməyi bacarır.
İndi həmin ənənəni tatamiyə daşımağın vaxtıdır.
10 minlik zal boş qalmamalıdır. Orada Azərbaycan bayrağı dalğalanmalı, hər ipponda səs-küy qopmalıdır. Çünki bu, təkcə idman deyil – bu, görünməkdir, varlığını göstərməkdir, birlik nümayiş etdirməkdir.
Cüdoçular üzərinə düşəni edəcək. Onlar həmişə edirlər.