Bu gün UEFA Konfrans Liqasında final oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşdə İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üs-üzə gələcək.
Almaniyanın Leyptsiq şəhərindəki "Red Bull Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qarşılaşmanı italiyalı referi Mauritsio Mariani idarə edəcək.
Final hər iki klub üçün tarixi əhəmiyyət daşıyır: Nə “Rayo Valyekano”, nə də “Kristal Pelas” indiyədək avrokuboklarda final oynayıb. Madrid təmsilçisi tarixində ikinci dəfə Avropa turnirində çıxış edir. Klubun ən yaxşı nəticəsi 2000/2001 mövsümündə UEFA Kubokunun 1/4 finalına yüksəlməsi olub.
“Rayo Valyekano” məhdud maliyyə imkanlarına baxmayaraq son illərdə sabit çıxışı ilə diqqət çəkir. Madridin kasıb məhəllələrindən birini təmsil edən komanda ardıcıl beşinci mövsümdür İspaniya yüksək liqasında yer alır ki, bu da klub tarixinin rekordudur. Buna baxmayaraq, “Rayo” hələ də tarixində heç bir titul qazanmayıb.
“Kristal Pelas” isə son iki ildə ciddi yüksəliş yaşayıb. Komanda 2024-cü ilin fevralından etibarən baş məşqçi Oliver Qlasnerin rəhbərliyi altında uğurlu nəticələr əldə edib. London təmsilçisi onun rəhbərliyi ilə tarixində ilk dəfə İngiltərə Kubokunu və İngiltərə Superkubokunu qazanıb.
Qlasner futbolçu kimi Avstriya "Rid"ində çıxış etdiyi vaxt "Neftçi"yə qarşı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə 90 dəqiqə forma geyinib. 2007-ci il avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda "ağ-qaralar"ın baş məşqçisi Qurban Qurbanov olub. "Rid" oyundan 1:2 hesabı ilə məğlub ayrılmasına baxmayaraq, ilk matçda 3:1 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.
İndi isə “qartallar” klub tarixində ilk Avropa kubokunu qazanmağa çalışacaq. “Rayo Valyekano” da eyni məqsədlə meydana çıxacaq və beləliklə, bu axşam tərəflərdən biri tarixində ilk böyük beynəlxalq titulunu əldə edəcək.
UEFA Konfrans Liqası
Final
27 may
23:00. "Kristal Pelas" (İngiltərə) - "Rayo Valyekano" (İspaniya)
Hakimlər: Mauritsio Mariani, Daniele Bindoni, Alberto Teqoni (hamısı İtaliya)
Dördüncü hakim: Qlenn Niberq (İsveç)
VAR: Marko Di Bello, Daniele Çiffi (İtaliya)
VAR dəstəkçisi: İvan Bebek (Xorvatiya)
Qeyd edək ki, daha əvvəl İngiltərənin daha bir təmsilçisi "Aston Villa" Avropa Liqasının qalibi olub. Mayın 30-da keçiriləcək Çempionlar Liqasının final matçında isə Fransanın PSJ və İngiltərənin "Arsenal" komandaları üz-üzə gələcək.







































































