"Araz-Naxçıvan"ın futbolçusu Ramon Maçadonun "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Görüşü necə dəyərləndirərdiniz?
- Ötən mövsümdən fərqli olaraq, bu dəfə UEFA Konfrans Liqasına vəsiqə şansımızı itirmişdik. "Zirə" ilə oyunun nəticəsi çempionatdakı yerimizi dəyişdirməyəcəkdi. Ona görə də matçdan həzz almağa çalışdıq və qələbə qazandıq. Üstəlik, özüm də qol vurdum. Bunun da sevincini yaşayıram.
- Komandada qalıb-qalmayacağınıza aydınlıq gəlibmi?
- Klubla müqaviləm başa çatır. Hələlik heç bir təklif yoxdur. Nə "Araz-Naxçıvan" yeni müqavilə bağlamaq istədiyini bildirib, nə də digər klublardan mənə müraciət daxil olub. Gələcəkdə təkliflər ola bilər.
- Hazırkı komandanızdan fərqli olaraq, əvvəlki klubunuz "Neftçi" Konfrans Liqasına vəsiqə qazandı. "Ağ-qaralar" da mövsümün ortalarında baş məşqçi dəyişikliyi etdilər və sizin kimi yerli baş məşqçini ukraynalı ilə əvəzlədilər. Bu baxımdan, mövsümü iki hissəyə bölmək olarmı?
- "Neftçi" barədə danışmaq istəmirəm.
- Deyəsən, azərbaycanca bəzi sözləri başa düşə və tələffüs edə bilirsiniz...
- Bir az.
- 2023/2024 mövsümündə İndoneziyanın "Sabah" komandasında çıxış etdikdən sonra yenidən Azərbaycana qayıtdınız. İki ölkə arasında hansı fərqləri gördünüz?
- Fərqlər çoxdur. İlk növbədə, mədəniyyətlər fərqlidir. Amma mən karyeramı burada davam etdirmək niyyətində idim. Çünki ailəm də Azərbaycanda qalmaq istəyirdi. Gözləyirəm. Hələlik bir şey yoxdur.
- Demək olarmı ki, ötən mövsüm çıxışınız daha yaxşı alınmışdı?
- Bəli, bu mövsüm zədələr aldım. Biz böyüyürük, qalxırıq. Amma zədəm məni irəliləməkdən saxladı. Buna görə məyusam.
- "Araz-Naxçıvan"ın avrokuboklara vəsiqə qazana bilməməsini nə ilə əlaqələndirmək olar?
- Hamımızın hədəfi var idi. Alınmadı. Buna görə məyusuq. Səbəbini isə bilmirəm.



































































