Rusiyanın tanınmış fiqurlu konkisürənləri Aleksandr Plyuşenko və Veronika Jilina beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Sportnet.az “RIA Novosti Sport”a istinadən xəbər verir ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi hər iki idmançının Azərbaycan millisində çıxış etməsi üçün razılıq verib.
Qnom Qnomıç kimi tanınan 13 yaşlı Aleksandr Plyuşenko növbəti mövsümdən etibarən beynəlxalq yarışlarda Azərbaycan adından çıxış edə biləcək. Bunun üçün ona yalnız Beynəlxalq Konkisürmə İttifaqının (ISU) xüsusi icazəsi lazımdır. O, məşhur olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur və əsasən buz şoularında iştirak edib, Rusiya daxilində rəsmi yarışlarda geniş təcrübəyə malik olmayıb.
18 yaşlı Veronika Jilina isə Rusiyanın ən perspektivli fiqurlu konkisürənlərindən hesab olunur. O, yeniyetmələr arasında ikiqat Rusiya çempionu, Slovakiyada keçirilmiş yeniyetmələrin Qran-pri mərhələsinin qalibi, həmçinin Rusiya çempionatının gümüş medalçısıdır.
Jilina 2023-cü ildə “Federasiya Kuboku” Qran-prisinin finalında qalib olub, 2022-ci ildə isə Rusiya tullanış çempionatında komanda hesabında birinci yeri tutub.









































































