"Zirə"nin futbolçusu Anatoli Nuriyevin səfərdə "Araz-Naxçıvan"a 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Görüşü necə dəyərləndirərdiniz?
- Hesab edirəm ki, yaxşı matç alındı. Oyunu izləyənlər çoxlu sayda qol gördülər. Komandalar açıq futbol sərgiləyirdilər.
- Komandada gələcək taleyinizə aydınlıq gəlibmi?
- Müqaviləm bu ay başa çatır. Sonrasına danışıqlar apararaq qərar verəcəyik.
- Bəs ilkin danışıqlarınız olmayıb?
- Danışmışıq. Amma bu, necə deyərlər, danışıqlar səviyyəsindədir. Gələcəkdə necə olacağını zaman göstərəcək.
- Klubun sizə yanaşması necədir?
- Bilmirəm. Nəyin necə olacağına baxacağıq. Qala da, gedə də bilərəm.
- Milli komandaya çağırılmamağınızı necə qarşıladınız?
- Sonuncu dəfə ötən ilin oktyabrında Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup oyunları öncəsi təlim-məşq toplanışına dəvət almışdım. Sonradan "FIFA Series-2025" turniri də daxil olmaqla, ikinci toplanışdır ki, yığmaya çağırılmıram. Normal qarşıladım. Bu, futboldur. Daha uzun müddət oynayanlar, meydançaya çıxıb istənilən səviyyəni nümayiş etdirənlər çağırılırlar. Azərbaycan yığmasına Malta və San Marino ilə qarşıdakı yoldaşlıq görüşlərində yalnız uğurlar arzulayıram. İncimirəm, başa düşürəm ki, milliyə düşmək üçün çox oynamaq lazımdır.
- Azərbaycan millisində Ukraynaya bağlılıqları olan bir neçə futbolçu çıxış edir...
- Sayımız çox deyil. Mən, Rüstəm Əhmədzadə, Anton Krivotsyuk və Emil Mustafayev. Hesab edirəm ki, Ukrayna futbolunun səviyyəsi, uşaq futbol məktəbi kifayət qədər yaxşıdır. Bizim Azərbaycandan olan qohumlarımız var. Məsələn, mənim soyadım Nuriyevdir. Biz birbaşa xaricdən gələn oyunçulardan deyilik. Hansı ki, bəzi futbolçuların bizim kimi Azərbaycana bağlılıqları yoxdur. Yəni, mən sadəcə Ukraynadan gəlmiş oyunçu adlandırıla bilmərəm. Əslində isə azərbaycanlıyam.
- Başqa ölkələrdə legioner həyatı yaşamaq istəyiniz varmı?
- Avropanın hansısa ölkəsinə getmək üçün yaxşı statistika ilə seçilməlisən. Amma mən başa düşürəm ki, bu mövsüm elə də göstəricilərim olmayıb.

- Ukrayna Premyer Liqasında belə sonluğu gözləyirdiniz?
- Çempion "Şaxtyor" güclü komandadır, çoxlu legioneri var, transferlərə xeyli vəsait xərcləyirlər. Ona görə də mövsümü qızıl medalla başa vurması və UEFA Konfrans Liqasının yarımfinalınadək irəliləməsi normaldır. Ukrayna Premyer Liqasında yaxşı rəqabət var. "Metallist", "Polesye", "Dinamo Kiyev" də yaxşı komandadır. Lakin "Şaxtyor" transfer sayı və keyfiyyətində daha üstün oldu. "Dinamo Kiyev"də isə gənc futbolçular çoxdur, bu klub öz yetirmələrinə üstünlük verir.
- Bəs son iki klubunuz "Kolos" və "Minay" barədə nə deyə bilərsiniz?
- "Kolos" çempionatı 6-cı pillədə başa vurdu. "Minay" isə artıq mövcud deyil, maliyyə çətinlikləri ilə əlaqədar fəaliyyətini dayandırıb.








































































