Rusiyalı fiqurlu konkisürən, ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko idman vətəndaşlığını Azərbaycan adına dəyişməsinə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, yeniyetmə idmançı “Sport-Ekspress”ə açıqlamasında Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək istədiyini söyləyib.
“Rus olmuşam və rus olaraq qalıram. Mənə beş illik Azərbaycan idman vətəndaşlığı verilib. Ümid edirəm ki, beynəlxalq arenada hər iki ölkəni layiqincə təmsil edəcəyəm və atamın akademiyasını tanıdacağam”, - deyən Aleksandr ölkələr arasında dostluğun vacibliyini də vurğulayıb: “İstəyirəm ki, hamımız dost olaq. İdman bizi birləşdirir. Ən əsası odur ki, hamı dost olsun və bütün məhdudiyyətlər aradan qaldırılsın”.
Yevgeni Plyuşenko isə oğlunun keçidini şərh edərkən Aleksandrın cəmi 13 yaşında olduğunu və Rusiya millisinin heyətində yer almadığını bildirib.
Aleksandr “Plyuşenkonun mələkləri” akademiyasında məşq edir və atasının buz şoularında iştirak edir. O, Moskva vilayəti federasiyasının təşkil etdiyi yarışlarda öz yaş kateqoriyasında çıxış edib. Ötən il Naro-Fominsk və Krasnoqorskda keçirilən turnirlərin qalibi olub.
Qeyd edək ki, Rusiya fiqurlu konkisürənləri 2022-ci ildən Ukraynadakı müharibəyə görə beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Yalnız Adeliya Petrosyan və Pyotr Qumennik 2026 Olimpiadasında neytral statusda iştirak ediblər.













































































