Səudiyyə Ərəbistanı millisinin futbolçusu Saud Abdulhamid DÇ-2026 öncəsi yığmanın düşərgəsinə vaxtında qoşula bilməyib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı müdafiəçi toy mərasimində iştirak etmək üçün getdiyi Niderlandın paytaxtı Amsterdamda xoşagəlməz hadisə ilə üzləşib.
Naməlum şəxslər onun avtomobilini yararaq şəxsi əşyalarını, o cümlədən pasportunu oğurlayıblar.
Bu səbəbdən, futbolçu Riyad şəhərində təlim-məşq toplanışı keçirən Səudiyyə Ərəbistanı millisinin düşərgəsinə planlaşdırılan vaxtda yollana bilməyib.
Səudiyyə Ərəbistanı Futbol Federasiyası və ölkənin Niderlanddakı səfirliyi futbolçunun sənədlərinin qısa müddətdə bərpa olunması istiqamətində çalışır.
Qeyd edək ki, hüquqları İtaliya "Roma"sına məxsus Saud Abdulhamid 2025-ci ildən Fransanın "Lans" komandasında icarə əsasında çıxış edir. O, ötən mövsüm Liqa 1-də 25 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
DÇ-2026-da Səudiyyə Ərəbistanı millisi H qrupunda İspaniya, Kabo Verde və Uruqvay yığmaları ilə mübarizə aparacaq.










































































