"Zirə"nin kapitanı Qismət Alıyevin səfərdə "Sabah"la 2:2 hesabı ilə başa çatan Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra Sportnet.az saytına müsahibəsi:
Görüş haqda təəsüratlarınızı bölüşərdiniz...
- Bugünkü oyunun əhəmiyyətini bilirdik, bizim üçün vacibliyini deməyə ehtiyac yoxdur. Keçən oyun "Şamaxı" üzərində qələbə qazanmağımıza çox az qalmışdı. Sadəcə, son saniyədə buraxdığımız qol bizi məyus etsə də, bu oyuna komanda şəklində çox yaxşı hazırlaşdıq. Bu gün düşünürəm ki, çox önəmli 1 xal qazana bildik.
- Amma hesabda önə də çıxmışdınız. Bu baxımdan, matça itirilmiş 2 xal gözü ilə baxırsınız, yoxsa qazanılmış 1 xal?
- Düşünürəm ki, indiki vəziyyətdə çempionatda hər xal çox önəmlidir. Sadəcə, bu gün "Sabah"ın həqiqətən də gücünü bilirdik, çempionluğa oynayan komandadır. Bu gün 1 xal qazanmağı bizim üçün normal hesab edirəm.
- Çempionatda "Neftçi" üzərində qələbə qazansanız, aradakı xal fərqi bir az da artacaq...
- Bəli, artıq futbolçular olaraq, məşqçi heyətimizlə "Neftçi"yə qarşı oyuna köklənməliyik. Onlar mövsümün ikinci yarısında çox yaxşı formadadırlar. Düşünürəm ki, avrokubok zonası üçün ilin bəlkə də ən maraqlı oyunlarından biri olacaq. Görüşə çox yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq.
- Mövsümün sonuna yaxınlaşdıqca bilirik ki, komanda üzərindəki təzyiq bir az da artır. Komandanın kapitanı kimi bu təzyiqi idarə etməkdə çətinlik çəkmirsiniz?
- Düşünürəm ki, belə çempionatın belə sonluğunu birinci dəfə deyil. Bunu komanda şəklində görmüşük. Bundan öncəki ildə də son oyuna qədər avrokubok mübarizəsində iştirak etmişdik. Belə gərgin oyunlara təcrübəmiz var. Düşünürəm ki, üzüağ çıxıb yenidən ya Avropa Liqası, ya da Konfrans Liqasında iştirak edəcəyik.
Mikayıl HACIYEV


















































































