Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 7-ci turun partiyaları oynanılıb.
Sportnet.az xəbər verir ki, Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı hesabat turunda uğurlu çıxışını davam etdirib. Yeddinci turda Süleymanlı Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq yarış cədvəlində liderliyə yüksəlib.
Hazırda aktivində altı xal olan Aydın Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.
Bu gün oynanılacaq 8-ci turda Aydın Süleymanlı Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.
Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. 7 turdan sonra Nicat Abasov 5,5 xalla 10-cu pillədədir.
Digər şahmatçılarımıza gəlincə Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaq. Avropa çempionatı 11 turdan ibarətdi.















































































