"Neftçi"nin kapitanı Emin Mahmudovun evdə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra Sportnet.az-a müsahibəsi:
- Matç haqqında düşüncələrini eşitmək necədir?
- Yaxşı oyun keçirdik. Birinci hissə çox yaxşı idi, hücumlarımız çox idi. Şansları dəyərləndirə bilmədik, çünki bəzilərində nə isə çatmadı, bəzən də bir az soyuqqanlılıq olmadı. Amma yenə də yaxşı qələbə qazandıq. O şansları yerinə yetirmək üçün bir az işləmək lazım olacaq.
- Qarşıda "Zirə" ilə oyun var. Gözləntiləriniz nədir?
- "Zirə" bəlkə çempionatın ən intizamlı komandalarından biridir. Bizi çox ağır oyun gözləyir. Çalışacağıq ki, öz oyunumuzla yaxşı nəticə qazanaq.
- Zədədən yenicə dönmüsünüz. Komanda ilə neçə məşqə çıxmışdınız? Deyəsən tez sağalmısınız...
- Getdim yüngül əməliyyat olundum, bir-iki gün məşq elədim. Bir az ağır idi, çünki məşqin və əməliyyatın ağrıları var idi. Amma indi özümü daha yaxşı hiss edirəm.
- Son oyunlarda demək olar ki, "Neftçi" nominal hücumçusuz, "gizli forvard"la oynayır. Bu taktika ilə komanda sanki daha uğurlu görünür...
- Biz komanda olaraq çalışırıq ki, hər bir oyunçu baş məşqçinin istədiyini yerinə yetirsin. İndi nəhayət, yaxşı alınır. Dayanmadan davam etməliyik ki, daha yaxşı nəticələr qazanaq.
- Belə bir fikir səslənir ki, "Neftçi" Yuri Vernidubun gəlişindən sonra düzəlsə də, turnir cədvəlində ancaq özündən aşağıdakıları məğlub edir, yuxarıdakılara gücü çatmır. Növbəti oyunlarda bu seriyaya son qoymaq mümkün olacaq?
- Əlbəttə, biz onu düşünürük. İstəyirik ki, hər oyunda qələbə qazanaq. Hər komandaya qarşı ağır oyunlar keçiririk. Görürsünüz ki, çempionatda hər kəs bir-birinə qarşı çətinlik çəkir. Ona görə də rəqib aşağıda ya yuxarıdadır, fərqi yoxdur. Hamıya qalib gəlmək lazımdır.
- Samir Abasovun gedişindən sonra Vernidubun gəlişi ilə uğurlu seriya başladı. Komandada nə dəyişdi?
- Keçmiş baş məşqçiyə hörmətsizlik etmək istəmirəm. Sadəcə, indi oyun üslubu başqadır və indi alınır. Başqa şey bilmirəm.
- Karyeranızın artıq müəyyən bir mərhələsinə gəlmisiniz. "Neftçi"də sizin yerinizi tutacaq, komandanı idarə edə biləcək gənc oyunçulardan kimin adını çəkə bilərsiniz?
- Bizdə indi Emil Səfərov çox yaxşı formadadır, çox yaxşı oyunlar keçirir. Komandanın ən yaxşı oyunçularından biridir. Belə də davam etməlidir. Hələ gəncdir, ümid edirəm ki, belə oynasa, onu çox yaxşı gələcək gözləyir.
Mikayıl HACIYEV












































































